“Zirə”dən sərfəli nəticə, “Sabah” üçün heç nə bitməyib

Azərbaycan klubları Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarına çıxıb. “Zirə” Xorvatiyada “Osiyek”lə heç-heçə edib, “Sabah” isə İrlandiyada “Sent Patriks”ə məğlub olub.

Görüşlərdən öncə “Sabah”ın şansları daha çox göstərilir, “Zirə”nin rəqibi isə daha güclü qələmə verilirdi. Xorvatiya çempionatının ortabab komandalarından olan “Osiyek”in həqiqi gücü isə “Zirə” ilə oyunda oldu. Topçevirmə ilə rəqib qapısına yaxınlaşmağa cəhd edən, ara ötürmələri ilə müdafiəni yarmağa çalışan “Osiyel” demək olar, “Zirə” ilə eyni səviyyədə komandadır.

Xorvatlar əvvəlcədən böyüdüldüyü kimi ekstra güclü rəqib deyil. Bu komandanı Bakıda keçmək mümkündür və eyni zamanda, mütləqdir. Görüşün startında ev sahibi statusunu qorumağa çalışan xorvatlar ara-sıra hücumlarla “Zirə”ni yoxlamaq niyyətində idi. Lakin Rəşad Sadıqovun kollektivi sürətli əks-hücumlarla asan rəqib olmadığını göstərdi. Artı 20 dəqiqə sonra oyunda balans yaranmışdı. Qarşılıqlı hücum cəhdləri ilə keçən görüşdə xorvatlar “Zirə” oyunçularının fərdi səhvləri hesabına önə keçdi.

Fasilədən sonra isə üstünlüyü ələ alan “Zirə” hücumdakı aktivliyi ilə diqqət çəkdi. Azərbaycan təmsilçisinin inamlı oyunu qoldan xəbərçi idi. Məntiqi sonluq isə son saniyələrdə gəldi. Penalti qazanan Rafael Utziq “11 metr”dən fərqlənməklə səfərdəki sərfəli nəticənin əsas səbəbkarlarından oldu.

“Osiyek” nə Zaqreb “Dinamo”sudur, nə də digər güclü kollektivlərdən biri. “Zirə” bu rəqibi Bakıda məğlub etməklə mərhələ adlamaq potensialındadır.

“Sabah” isə şansları çox göstərilən, ancaq məyus ayrılan tərəf oldu. Matça sürətli başlayan “futuristlər” daha sonra balansın yaranmasına əngəl ola bilmədi. İlk hissədə geri düşən “Sabah” nə qədər çalışsa da, hesaba tarazlıq gətirə bilmədi. Fasilədən sonra irəli atılan komandaya daha bir zərbə isə İvan Lepinitsadan gəldi. Xorvat yarımmüdafiəçi ikinci sarı vərəqədən sonra komandasını azlıqda qoydu.

“Sabah”ın nəticəni dəyişmək cəhdləri alınmadı. Yekunda 0:1 geridə olan “bayquşlar” üçün hələ heç nə bitməyib. İrlandiya komandası keçiləsi rəqibdir və Bakıdakı görüşdə vurulacaq erkən qollar pley-off qapılarını aça bilər.

Şahin Cəfərov