“Zirə” və “Sumqayıt”ın şansı var, lakin “Sabah” üçün çətin olacaq”

Azərbaycan klubları bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq.

“Zirə” Bakıda Slovakiyanın “DAC 1904”, “Sumqayıt” Macarıstanın “Fehervar” komandasını qəbul edəcək. “Sabah” isə “Makkabi” (Hayfa, İsrail) ilə üz-üzə gələcək. Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyev “FutbolPress“ə açıqlamasında oyunlardan gözləntilərini bölüşdü:

“Sumqayıt” və “Zirə”nin rəqibi haqda çox məlumatım yoxdur. “Fehervar”la bağlı hardasa nəsə bilirəm, amma “Zirə”nin rəqibini tanımıram. “Zirə” və “Sumqayıt”ın şansı var, lakin “Sabah” üçün çətin olacaq. Daim avrokuboklarda oynayan bir rəqiblə qarşılaşacaqlar. “Makkabi”nin gücünü, avrokubok təcrübəsini bilirik. İlk oyunlardır, yaxşı nəticələr qazansalar, fikrimcə, mərhələ adlamaq şansları olar. Eyni zamanda, ölkə reytinqinə xallar qazandıra bilərlər. Hər kluba uğurlar arzu edirəm”.

Konfrans Liqasında günün oyunlarının başlama saatı:

20:00 Sumqayıt – Fehervar
20:30 Zirə – DAC 1904
21:15 Makkabi Hayfa – Sabah