“Zirə” üçün köhnə tanış – yenə Bakıya gələcəklər

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi məlum olub. “Qartallar” bu raundda Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək.

Tiraspol təmsilçisi Moldova çempionatında 2023/24 mövsümünü ikinci sırada bitirib. Çempionatın əsas hissəsini birinci sırada tamamlayan “Şerif” daha sonra çempionluq qrupunda ikinci olub. Qızıl medalları isə “Petrokub” qazanıb.

“Şerif” son mövsümdə 51 qol vurub, 16-nı buraxıb. Komandanın bombardiri 8 qolla Amin Talal olub. Mərakeşli hücumçu bu ilin fevralında 750 min avro qarşılığında Rusiyanın “Axmat” klubuna transfer edilib.

Tiraspol klubunun “transfermarkt”da dəyəri 10,5 milyon avrodur. “Zirə”də isə bu rəqəm 10,35 milyon avrodur.

“Şerif” avrokuboklarda kifayət qədər təcrübəli komandadır. Komanda ötən mövsüm mübarizəyə Çempionlar Liqasında başlayıb, ancaq ikinci təsnifat mərhələsində Hayfa “Makkabi”sinə məğlub olub. Daha sonra yoluna Avropa Liqasında davam edən moldovalılar G qrupunda “Roma”, “Slaviya” və “Servett”lə mübarizədə bir xal toplayıb və qrupda qalıb.

“Şerif” sonuncu dəfə Azərbaycan təmsilçisi ilə 2020-ci ildə üz-üzə gəlib. Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan moldvalılar 1:2 hesabıyla məğlub olub. Ümumiyyətlə, “atlılar” avrokuboklarda 4 dəfə “Şerif”lə üz-üzə gəlib və bu görüşlərin 3-də qalib gəlib.

Kamil Əhməd