“Zirə” üçün çətin rəqib – köhnə tanışla növbəti duel

Konfrans Liqasında tarixi nəticələrə imza atan “Zirə” pley-off mərhələsinə vəsiqə əldə edib. Əsas mərhələnin bir addımlığında rəqib Kiprin “Omoniya” komandası olacaq.

Rəqib avrokuboklarda kifayət qədər təcrübəlidir. Nikosiya təmsilçisi tarixində Çempionlar Liqasında 55, Avropa Liqasında 90, UEFA Kubokunda 12, Konfrans Liqasında isə 14 matça çıxıb. Komanda Avropa arenasında ümumilikdə 171 oyuna çıxıb və bunların 62-də qələbə qazanıb. 78 görüşdə məğlub olan kiprlilər 32 dəfə də meydanı bərabərliklə tərk edib. Qolların nisbəti 227-nin (vurulan )272-dir (buraxılan).

“Omoniya” ötən mövsüm də Konfrans Liqasında Azərbaycan təmsilçisi ilə üz-üzə gəlib. II təsnifat mərhələsində “Qəbələ”yə rəqib olan kiprlilər hər iki oyunda qələbə qazanaraq (4:1, 3:2) mərhələ adlayıb. Maraqlıdır, “Zirə” “Omoniya”nın avrokuboklarda son 4 ildə 3-cü dəfə üz-üzə gəldiyi Azərbaycan təmsilçisi olacaq. Belə ki, komanda 2021/22 mövsümündə qrup mərhələsində “Qarabağ”la iki oyun keçirib. Bakıda “Omoniya” ilə heç-heçə edən (2:2) “atlılar” Kiprdə 4:1 hesablı qələbəyə sevinib.

“Omoniya”ya litvalı Valdaş Dambrauskas rəhbərlik edir. O, bu ilin yayından komandanın sükanı arxasındadır. Kipr təmsilçisi onun başçılığı altında 5 oyunun hər birini qazanıb. Bunlardan 4-ü isə Konfrans Liqası matçına təsadüf edir. Nikosiya klubunun “transfermarkt”da dəyəri 20,85 milyon avrodur. Komandanın heyətində vingerlər Omer Atsili, Loyzos Loyzo, hücumçu Mariuş Stepinski kimi təhlükəli oyunçular var. Komandanın əsas qol ümidi Roman Bezus isə zədəlidir və bu görüşləri buraxacaq. Ukraynalı hücumçu “Qəbələ” ilə iki matçda 5 qol vurmaqla yadda qalmışdı.

“Omoniya” yaxşı avrokubok təcrübəsinə sahib olsa da, keçilməz rəqib deyil. “Zirə”nin bu mövsüm əla forma yığması, ardıcıl qazanılan qələbələrlə komandanın daha ruhlanması kiprlilərlə duellər öncəsi şansları bərabər saymağa əsas verir. “Qartallar” ilk matçını səfərdə keçirəcək. “Omoniya”nın çılğın və effektli azarkeşləri var. “Zirə” bu təzyiqdən çıxa bilib, səfərdən azı heç-heçə ilə qayıtsa da, Bakıda mərhələ adlamaq mümkündür.

Komandalar arasındakı ilk görüş avqustun 22-də, cavab matçı isə 29-da keçiriləcək.

Kamil Əhməd