“Zirə” akademiyasında son durum: “Əvvəlki illərə baxanda böyük dəyişikliklər etmişik”

Azərbaycan klublarında son dönəmlərdə akademiyalara daha çox diqqət ayrılır. Təsadüfi deyil ki, “Qarabağ”, “Sabah”, “Sumqayıt”, “Neftçi” aşağı yaş qruplarını ölkə xaricinə turnirlərə yollayır. Uşaqlar, məşqçilər burada qazandıqları təcrübənin faydalarını növbəti illərdə daha yaxşı görəcəklər.

Son illərdə dirçəlməkdə olan akademiyalardan biri də “Zirə” akademiyasıdır. “Qartallar”ın bir neçə yaş qrupu öz çempionatında uğurlu nəticələrlə yadda qalır. Akademiyanın koordinatoru Zaur Həşimovla söhbətləşdik. O, akademiyadakı son durum haqda bunları dedi:

“İşlər qaydasında gedir. Komandalarımız AFFA-nın təşkilatçılığı altında keçirilən bütün yarışlarda iştirak edir. Bəzi yaş qruplarımız yaxşı nəticələrə imza atır. U-15 və U-16 komandalarımız çempionluq üçün mübarizə aparıb, U-19 isə “beşlik”də qərarlaşır. İşlər qənaətbəxşdir”.

Həşimov “Zirə”nin aşağı yaş qruplarının beynəlxalq səfərlərə yollanmamasının səbəbini də izah etdi:

“Bir neçə dəfə müxtəlik ölkələrdən turnirlər üçün dəvət almışıq. Sadəcə bu gün üçün daha vacib məsələləri həll etmək üçün çalışırıq. Qarşıdakı mövsümdən səfərdə iştirak etməyi düşünürük”.

Azərbaycan futbolunda son dönəmlərdə müzakirə olunan əsas məsələlərdən biri əvəzedicilərin çempionatının ləğv edilməsidir. Həşimov bu məsələnin müzakirə edilməsinin düzgün olmadığını bildirdi:

“Əvəzedici çempionatın ləğvi 17-23 yaş arası futbolçuların əksərinin futbolla vidalaşmasına səbəb olacaq. Bunu daha əvvəl praktikada görmüşük. Çox danışılası, geniş şərh veriləsi mövzudur. Qısa desək, liqanın təşkili daha bir neçə il davam etməlidir. Bu, çox vacibdir”.

Həşimov 2020-ci ilin sentyabrından akademiyaya rəhbərlik edir. Mütəxəssis fəaliyyəti dövründə görülən işlərdən də söz açdı:

“Xeyli vaxtdır, buradayam. Əvvəlki illərə baxanda böyük dəyişikliklər etmişik. İndi hər şeyi sadalamaq istəmirəm. Akademiyaya perspektivli məşqçilər cəlb etmiş, onların maariflənməsinə yardımçı olmuşuq. Bizim üçün yaxşı məşqçinin olması vacib məsələdir. Sadəcə infrastruktur baxımından geri qalırıq. Komandalarımız şəhərin müxtəlif yerlərində hazırlaşırlar. Gələcək üçün əsas planımız bu problemi aradan qaldırmaqdır. Eyni zamanda, akademiyamızda milli komandaların hər yaş qrupuna dəvət alan oyunçular var. U-17 millimizin toplanışına da üç futbolçumuz dəvət alıb. U-19-dan da yığmaya çağırılanlar var. Düşünürəm ki, bu, çox yaxşı göstəricidir. Məşqçilərlə də tez-tez danışır, fikir mübadiləsi axtarırıq. Tək istəyimiz uşaqların inkişafıdır. Onların gələcəkdə həm idmançı, həm də şəxsiyyət kimi formalaşmasında əlimizdən gələni edirik. Bütün kollektiv bununçün çalışır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.