Zaur Axundovun nəğmələri

Azərbaycan futbolu absurd simalardan xali deyil. Məsələn, görürsən illərdir uğursuz olsa belə, vəzifə daşıyır və gözüm üstə qaşın var deyən yoxdur. Onlardan biri də Zaur Axundovdur. Heç nəyi ilə burda olmağı haqq etməyən bu şəxs indi də Naxçıvan Futbol Federasiyasının prezidentidir.

Futbolu bilən, bu sahədə ciddi uğurları olan şəxslər illərdir işsiz qalıb, sanki hansısa qüvvə o adamları futbola buraxmır, di gəl, Axundov futzaldan futbola keçir, işbilməzliyin dibinə vursa da, iki klubun rəhbəri kimi, hətta AFFA İcraiyyə Komitəsinin üzvü kimi “parlayır”.

Ona bu müstəsnalığı bəxş edən ölkə futbolunun qara buludu Elşad Nəsirovdur. Bu adam Axundov kimi futbola yad ünsürlərin burada çiçəklənməsində əvəzsiz rol oynayıb. Sonra onlardan öz qara məqsədləri üçün istifadə edib.

AFFA-da dəyişikliklər olanda İK-dan gedən Axundov NFF prezidenti “seçildi”. Nəsirov öz kadrlarını necəsə futbola yenidən pərçimləməyi bacarır…

Növbəti AFFA prezidenti seçkilərində onlardan yararlanmaq məqsədilə atılan addımlara isə assosiasiyanın yeni “kralı” Rövşən Nəcəf tamaşaçı rolundadır.

SOCAR rəhbərliyinə gələn kimi genişmiqyaslı ixtisarlar, kadr dəyişiklikləri edən Nəcəf “Neftçi”dəki qısa idarəçilik müddətində də bunu etmişdi, lakin niyəsə AFFA-da etmir/edə bilmir.

Kadr islahatları adına yeganə cəhdi isə marketinq və kommunikasiya şöbəsi adlı qondarma əlavə açması (bu tip absurdlar haqda növbəti yazılarda ətraflı bəhs ediləcək) olub.

Niyə?

Çünki Rövşən Nəcəf Nəsirov tərəfindən idarə olunur. İndi Axundovun Nəcəfə inandığını tez-tez deməsində də qəribəlik yoxdur.

Nəsirovun “cocuqları” iş bilməsə də, bir-birinə tərif etməyi bilirlər, bu, onların klan mənfəəti xatirinə etməli olduqları vacib işlərdəndir.

“Keşlə”dən “Şamaxı”ya çevriləndə hər iki klubun rəhbəri olan unikal kadr Axundov komandanın I Diviziona düşməsindən sonra futzala qayıtdı, ancaq qardaşının qismində “Araz Naxçıvan” rəhbərliyində peyda oldular və bu tip nonseslərlə ölkə futbolunu hökmranlığına tabe edən Nəsirovun bir amalı var – “imperiyanın” süquta uğramaması. Görək haçanadək…

Elçin Cəlilov