Zaqrebdə qaçırılan şanslar

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin birinci oyununda “Dinamo”ya məğlub olub. Zaqrebdə “Maksimir” stadionunda baş tutan görüş xorvatların 3:0 hesablı qələbəsiylə başa çatıb.

Ümumi oyun planında üstün olan “Qarabağ” xüsusilə, ikinci hissədə kifayət qədər real qol şansları yaxalamasına baxmayaraq, fərqlənə bilmədi. Komandanın bombardiri Juninyo bir neçə epizodda rəqib qapıçı Nevistiçi keçə bilmədi. Qolkiper zaqreblilərin heyətində ən yaxşılardan olmağı bacardı.

İkinci hissənin əvvəlindən 75-ci dəqiqəsinə qədər aşkar üstün oynayan “Qarabağ” hər epizodu təhlükəyə çevirə bilirdi. Lakin hücumda dəqiqliyin çatmaması və son qərarlar nəticənin belə olmasına səbəb oldu. Hər bir halda, Zaqrebdə yaxşı oyunla böyük hesablı məğlubiyyət yaşandı.

Oyunun qırılma anı məhz rəqibin ikinci qolu oldu. Buna qədər hücumda aktiv olan “Qarabağ” futbolçularında çaşqınlıq yarandı. Ardıcıl buraxılan iki qoldan sonra isə demək olar, komanda “dağıldı”. Hər topda irəli çıxmağa, heç olmasa bir qol vurmaqla ümidlərini saxlamaq istəyən “atlılar” bir neçə dəfə əks-hücumda yaxalandı. Xüsusilə, son saniyədə dirəyin “Qarabağ”ın xilaskarına çevrilməsi çətin, amma mümkünsüz olmayan tur şansını Bakıya saxladı.

Futboldur və geridönüş mümkündür. Buna baxmayaraq, “Dinamo” kimi təcrübəli komandanı cavab görüşündə 4 fərqlə məğlub etmək də asan iş deyil. Sonuncu ölən ümidlərdir və indiki məqamda “atlılar” üçün başqa yol yoxdur…

Kamil Əhməd