“Zәrif idman siyasәti” – Ümummilli Liderin bünövrәsi ilә

FutbolPressÜmummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri təyin edildikdən sonra ölkə yeni mərhələyə qədəm qoydu.

Bütün sahələrdə inkişaf hiss edilməkdə idi. Böyük layihələrin həyata keçirilməsi, ağır və yüngül sənaye, ümumittifaq mahiyyətli zavod, fabriklərin yaradılması, kənd təsərrüfatında görünməmiş irəliləyiş, əhalinin rifahının yaxşılaşdırılması naminə yeni-yeni mikrorayonların salınması vә s. Bir sözlə, respublika geniş bir tikinti meydanına çevrilmişdi. Bununla birgə təhsil, tibb, mədəniyyət, incəsənət, idman sahəsi də unudulmamışdı. Gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirilirdi. Teatr binaları, idman qurğuları, stadionlar ərsəyə gətirilir, əhalinin sağlamlığının təmin  olunması üçün möhkəm bünövrə qoyulurdu. Ulu Öndər yerli potensiala, kadrların yetişməsinə xüsusi önəm verirdi. Bu yöndə qadınların, qızların cəmiyyətdə rolunun artması, inteqrasiyası vacib amillərdən sayılırdı. Tarixən yerli əhali arasında milli mentallığa uyğun – qızların idman sahəsinə cəlb olunması ağır proses sayılırdı. Nəinki peşəkar səviyyədə, bədən tərbiyyəsi və idmanla məşğulluq dərəcəsinin artırılması yolunda zərif cinsin nümayəndələri üçün təhlükəsiz, münasib şərait yaradılmalı idi.

40-50-60-cı illərdə, əsasən, gəlmə xalqların nümayəndələri bu sahədə böyük üstünlük təşkil edirdi. Ara-sıra idmançılar qadınlar arasında yerli qızları görmək olardı. Digər sahələrdə bu, bir o qədər problem yaratmasa da, yerli qızların idmana cəlb olunması üçün mərhələli inkişaf proqramı hazırlanmalı idi.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində orta məktəblərdən başlayaraq ali təhsil ocaqlarına kimi idman dərslərinin, müxtəlif idman cəmiyyətlərində qızlar seksiyalarının sayı artırıldı. Paytaxtda, böyük şəhərlərimizdə, ümumən bölgələrdə, rayonlarımızda qısa vaxt ərzində idmanın kütləviliyi təmin olundu.

İnfrastruktur formalaşdırılır, qızların daha əsaslı şəkildə özlərinə inanması, peşəkar idman yolunun seçilməsi istiqamәtindә dә fundanental proqramlar işlәnirdi.

Azərbaycan hər zaman tolerantlığı ilə seçilib və respublikada yaşayan bütün xalqların nümayəndələrinə eyni qaydada şərait yaradılıb. Bunun nəticəsi olaraq, ölkәmizdә yetişmiş mәşhur qadın idmançılar I. Rıskal, V.Landratova voleybol üzrə SSRİ qadınlardan ibarət yığmasının aparıcı üzvlərindən sayılırdılar və dünya, Avropa çempionatlarının, Olimpiya Oyunlarının qalibləri, medalçıları sırasında idilər. Dünya çapında göstərilən nəticələr yerli qızlarımıza əlavə inam, güc verirdi.

70-ci illərdən başlayaraq qadınlardan ibarət komanda idman növlərində Azərbaycan nümayəndələri yeni mərhələyə qədəm qoydu. Voleybolla yanaşı, həndbol, otüstü hokkey komandalarımız SSRİ miqyasında lider mövqelərə yüksəldilər. Şahmatçı qızlarımızı da bura əlavə etsək, qadın idmançılarımızın qısa vaxt kəsiyində zirvələr fəth etdiyini görmüş olarıq. İlk uğurlarımız voleybolçu və həndbolçu qızlardan gəldi. 

Əl topu ilə məşğul olan qızlarımız yüksək liqa komandaları arasında keçirilən güclü SSRİ çempionatında bürünc mükafata layiq görüldü. Heyətdə Rəfiqə Şabanova, Validə Həmidova kimi hənbolçularımız yer alırdı. 1970-80-ci illərdə  qadınlardan ibarət  ustalardan formalaşmış komandalarımız SSRİ miqyasında aparıcı mövqelərdə olub. Həndbolçu bakılı qızlar 1976/77 mövsümündə Avropa Kuboklar Sahibləri Kubokunda təmsil olunub. 1983-cü ildə paytaxtın “Avtomobilçi” komandası Beynəlxalq Həndbol Federasiyasının kuboku uğrunda yarışa vəsiqə qazanıb və ilk dəfə   Avropa miqyasında qadın həndbolçularımız qalib olaraq, kuboku başı üzərinə qaldırıb. Komandamızın yetirmələri Rəfiqə Şabanova, Lyudmila Şubina SSRİ yığmasının heyətində Monreal-76 Olimpiya qızılına sahib çıxıblar.

1984-cü ildə keçirilən “Xoşməramlı oyunlar – Dostluq-84” mötəbər beynəlxalq yarışda digər idmançımız Esmira Əsgərova/Vahabzadə SSRİ yığmasının tərkibində qızıl medala layiq görülüb. Digər həndbolçumuz  M.Cəfərova dünya çempionatının mükafatçısıdır. Beynəlmiləl imicə malik Azərbaycanın digər əl topu ustaları S.Mazqovaya, L.Neudaxina, Y.Kalaşnikova yeniyetmə və gənclər arasında dünya çempionu adına layiq görülüblər. Azərbaycan həndbol məktəbinin yetirmələri  Q.Nağıbəyova, T.Məmmədova, S.Mirzəyeva, V.Həmidova  uzun müddət yüksək səviyyədə Azərbaycanın şərəfini layiqincə qoruyublar. Respublikamızın qadınlardan ibarət müxtəlif klubları ittifaq çempionatlarında 9 dəfə gümüş, 7 dəfə bürünc medallara sahib olublar.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə təməli qoyulan  qızlardan ibarәt otüstü hokkey komandamız  1979-cu ildə SSRİ çempionatında iştirak (“Rabitəçi”/Bakı) komandası 1982-ci il mövsümündə bürünc medallar qazanır. Paytaxtla yanaşı, yay hokkeyçilərimizin əsas bazalarından biri də Sumqayıt olur. Bədnam qonşularımız nə qədər Azərbaycana qara yaxmaq istəsələr də, müxtəlif xalqların nümayəndələri ilə yanaşı erməni əsilli qızlar da komandandada çıxış ediblər və heç bir ayrı-seçkilik yaradılmayıb, əksinə, komandanın aparıcı üzvlərindən  olublar.

Tam beynəlmiləl heyətlə otüstü hokkeyçi qızlar SSRİ miqyasında öz layiqli yerini tuturdu. G.Cavadova, S.Cabbarova tanınmış hokkeyçilər idi. Tənzilə Zıqanşina isə komandada kapitan sarğısını daşıyırdı. Müxtəlif idman növləri üzrə ustalardan ibarət qadın komandaların uğurları, ayrı-ayrılıqda idmançı qızların SSRİ yığması ilə dünya, Avropa, olimpiya oyunları, klub səviyyəsində ittifaq və qitə miqyasında qızıl, gümüş, bürünc medalların qazanılması, idmançı qadınların Azərbaycanda populyarlığı, daimi diqqət mərkəzində olmaları yerli qızlarımızın idmana həvəsini daha da artırır, kütləvillik çoxalır, bölgələrdə də zərif cinsin nümayəndələrinin idmana axını baş verirdi.
Bütün bunlar planlı şəkildə görülən məqsədyönlü işlərin nəticəsi idi.

Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycanda qadınların mövqeyi günü-gündən artırdı. Artıq qadın idmançılarımız, komandalarımız SSRİ miqyasında öz layiqli yerini tuturdu.

Heç şübhəsiz, qızlar arasında ən populyar idman növlərindən biri də voleybol idi. Yerli mütəxəssislərimizin sayəsində voleybolçu qızlarımız ittifaq yarışlarında daimi çıxış edirdi. 60-cı illərdən populyarlıq qazanmış voleybolçu qızlarımız 1966-cı ildə əldə edilmiş bürünc medallara 1972 və 1990-cı illərdə daha ikisini əlavə etmişdi.

1991-ci ildə isə Azərbaycanın qadınlardan ibarət voleybol komandası SSRİ kubokunun qalibi adını qazandı. Buna qədər isə, 1974, 1990-cı illərdə gümüş medalların sahibi olmuşdu. Fərdi idman növlərində də neçə-neçə idmançı qızlarımız ölkəmizi layiqincə təmsil edir, kürsünün ən yüksək pilləsinə qalxırlar.

Ümumilli Lider Heydər Əliyevin möhkəm təməlinin qoyduğu peşəkar qadın idmanı və kütləvillik müstəqillik illərində davam etdirildi.

Ötən əsrin 70-ci illərində bünövrəsi salınmış şahmat məktəbimiz tək kişilər arasında deyil, qadınlar arasında da Avropa və dünyada öz layiqli yerini tutur. Ulu Öndərin uzaqgörənliyi sayəsində dünyada ilk müsəlman qadın qrossmeyster adını qazanmış azərbaycanlı Aynur Sofiyevadır.

Qadın həndbolçularımız IV İslam Həmrəylik Oyunlarında qızıl, növbəti yarışlarda isə gümüş medallara layiq görülüb. Ulu Öndərin sayəsində ölkəyə qayıdan Faiq Qarayevin məşqçilik bacarığı sayəsində qadın voleybolu yenidən yüksəliş yoluna qədəm qoydu, milli, klub səviyyəsində qitə və dünya miqyasında müstəsna uğurlar qazanıldı.Təsadüfi deyil ki, Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandası, dünyada sayılıb seçilən millilərdən biridir. İnfrastrukturun qurulması, yaradılan şərait nəticəsində Azərbaycan Avropa və dünyanın gimnastika mərkəzlərindən birinə çevrilməkdədir. Görülən işlərin bəhrəsi artıq özünü çox gözlətmir. Qızlarımızın adı mötəbər yarışlardan gəlir, böyük uğurlar qazanılır. Bütün bunlar Ümumilli Lider Heydər Əliyevin zamanında Azərbaycan gəncliyinə, qadınlarımızın, qızlarımızın cəmiyyətdə, eyni zamanda idmanda layiqli yer tutması üçün qoyulmuş əvəzolunmaz təməlin nəticəsi, davamıdır.

Elçin Cəlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu