Mayın 13-də AFFA İcraiyyə Komitəsinin iclası baş tutdu. Qərara alındı ki, Premyer Liqada komanda sayı artırılmır, idman prinsipləri qorunur və legioner limiti 2025/2026-cı il mövsümü üçün dəyişdirilir.
Veteran futbolçu Yunis Hüseynov “FutbolPress”ə açıqlamasında qərarlar barədə düşüncələrini bölüşdü:
“İcraiyyə Komitəsinin iclasında ciddi qərarlar verilmədi. Qərara alınıb ki, növbəti illərdə komanda sayı artırılacaq. Bu sevindirici haldır. İstərdim ki, hətta komanda sayı 16-ya qaldırılsın, lakin bu olmadı. Amma növbəti mövsümlərdə buna ümid var. Lakin komanda sayının artırılmaması başadüşüləndir. İnfrastruktur, maliyyə və s. məsələlərə görə İcraiyyə Komitəsi bu addımı atdı. I Liqadakı problemlər həll olunmalıdır, stadionlar qaydasına salınmalıdır, ondan sonra komanda sayının artırılması real görünə bilər. Düşünürəm ki, növbəti mövsüm infrastruktur baxımından irəliləyiş görəcəyik. İdman prinsipləri də qorundu, bu yaxşı haldır. Ümid edirəm ki, futbolumuz inkişaf edəcək”.
Mütəxəssis legioner limitinin 2025/2026-cı il üçün dəyişdirilməsi qərarını da şərh etdi:
“Düşünürəm ki, limit məsələsi dəyişdirilməsəydi daha yaxşı olardı. Limitin dəyişdirilməsi milli komandaya da təsir edə bilər. Düzdür, yaxşı futbolçu heç vaxt kənarda qalmır. İstedadı, bacarığı olan hər zaman heyətdə möhkəmlənməyi bacaracaq. 12 komanda olsa, hərəsində 3 futbolçu oynasa, say 36 edir. 4 futbolçuya şans yaradılsaydı, daha çox gənc və ya digər yaş qruplarında olanlar özünü daha rahat göstərə bilərdilər. İndi qərar verilib, sadəcə nəyin doğru, nəyin səhv olduğunu zaman göstərəcək”.
Məlik Məlikov