Yunis Hüseynov: “Hər məşqçi “Neftçi”də işləyə bilməz” (MÜSAHİBƏ)

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynovun “FutbolPress”ə müsahibəsi:

– Mövsüm bitdi, medalçılar və avrokuboklara vəsiqə qazanan komandalar bəllidir. Ümumilikdə mövsümü necə dəyərləndirərdiniz?
– Məsələyə ümumi yanaşdıqda, klublarımız üçün pis mövsüm keçmədi.  Düzdür, rəqabətli mövsüm demək olmaz. Çünki rəqabət çempionluq uğunda gedəndə olur. Lakin biz bu il çempionluq uğrunda mübarizə görmədik. “Qarabağ” bir neçə ay əvvəldən çempionluğu təmin etmişdi. Hə, avrokuboklar uğrunda sona qədər mübarizə davam elədi, yaxşı oyunlar izlədik. Avrokuboklara vəsiqə qazanan klublarımızı təbrik edirəm. Fiaskoya isə “Neftçi” uğradı. Komandanın avrokuboklardan kənarda qalmasına həqiqətən çox üzülürəm.

– Mövsümün əvvəlində belə turnir cədvəlini təsəvvür etmək olardı?
– Açığı, bəlkə də belə təsəvvür etmək çətin idi. Çünki “Neftçi”nin 5-ci olacağını şəxsən mən gözləmirdim. Düzdür, “Sabah” və “Zirə”nin avrokubok şanslarının olduğunu müsahibələrimdə dəfələrlə demişdim. Həmçinin də “Neftçi”nin medal qazanacağını gözləyirdim, amma komanda azarkeşlərini çox üzdü. İlin əvvəllərində onlardan gözləntilər başqa idi.

– Uzun müddət Azərbaycan futbolunun flaqmanı olmuş komandanın bu vəziyyətə düşməsində günahkar kimdir?
– Əsas səbəb düzgün transferlərin edilməməsidir. “Neftçi”nin heyətini yenidən qurmaq lazımdır. Vaxtında düzgün transfer etmədilər. İndi də nəticəsi göz qabağındadır. Bir-iki oyunçu istisna bütün heyəti yenidən qurmaq lazımdır. 0-dan heyət qurulmasa, düzgün transferlər edilməsə, dəyişən nəsə olmayacaq. Sistemli iş getməlidir. Məsələn, hazırda yazılanlara inansaq, “Neftçi” monteneqrolu futbolçu Edvin Kuçu transfer etmək istəyir. Tutaq ki, bu transfer baş tutdu, oyunçu ilə müqavilə imzalandı. Bundan sonra ortaya bir əmma çıxır. Bəlkə yeni təyin olunacaq baş məşqçinin planlarına həmin oyunçu daxil edilməyəcək. O zaman yenidən zərbə kluba dəyəcək. Komanda Mutu ilə başladı, Bojoviçlə mövsümü bitirdi. Düzdür, nə Mutunun vaxtında, nə də Bojoviçin dövründə komandanın oyun stilində ciddi dəyişiklik olmadı. Lakin dediyim kimi, düzgün transferlərin olmaması komandaya ziyan verir. Rəbərlik maliyyə ayırır, nəticə isə yoxdur. “Neftçi”yə gələn oyunçu komandanın adını ağırlığını dərk etməlidir. Qələbə və məğlubiyyətdə əsas rolu futbolçu oynayır. “Neftçi” sıradan komanda deyil ki, istənilən futbolçu gəlib oynasın. Məsuliyyət yükünü çiyinlərində hiss etməlidirlər. Məsələn, Ozobiç, Emin Mahmudov peşəkarlıq göstərdilər, çıxış azarleşlərdən üzr istədilər. Düzdür, üzürlə dəyişən nəsə olmayacaq, amma ən azı futbolçular özlərini bu məsələdə günahlar sayırlar.

– Dediniz ki, komanda mövsümü Mutu ilə başlayıb, Bojoviçlə bitirdi. Bu il kimlə başlasalar uğur qazanmaq olar? 
– Kimliyindən asılı olmayaraq komandaya bizim mentalitetə yaxın olan məşqçi təyin olunmalıdır. Hə, adı-sanı ola bilər. Amma gəlib burada nəticə vermədikdən sonra… Mutu yaxşı futbolçu olub, təyin etdilər, heç nə ilə yadda qalmadı, qışda çıxdı getdi. “Neftçi” kimi komandaya Bojoviçi gətirdilər, yenə də nəticə olmadı. Fikirləşmək, götür-qoy etmək lazımdır. Hər məşqçi “Neftçi”də işləyə bilməz. Təyinat yerli mütəxəssisdən və ya əcnəbidən yana olacaq, onu bilmirəm, amma azərbaycanlı biri daha yaxşı nəticə verə bilər.

– Maraqlıdır, Yunis Hüseynova “Neftçi”də işləməklə bağlı təklif olarsa, cavabı nə olar?
– Birincisi, mənə belə təklif olmayacaq. Bu, dəqiqdir. Olsa, kim istəməz ki? Hər bir məşqçi “Neftçi”də işləmək istəyər. “Ağ-qaralar”ın uzun illər şərəfini qorumuşam. Təbii ki, mən də işləmək istəyərəm. Amma bəri başdan deyim ki, bu təklif olmayacaq.

– Fərz edək ki, təklif oldu. Rəhbərlik qarşısında ilkin təklifləriniz hansı olar?
– Dediyim kimi, təklif olmayacaq. Amma təbii ki, belə hal olarsa, rəhbərlik qarşısında tələb və təkliflə çıxış edəcəyəm. Amma bu, bir anın içində veriləcək qərarlar deyil, düşünmək, analiz etmək lazımdır. Xeyirlisi, lakin yerli mütəxəssis gələrsə, düşünürəm ki, daha yaxşı nəticələr əldə olunacaq. Hər dəfə təkrar edirəm, indi də deyirəm ki, oyunçu seçimi düzgün olsa, nəticə də yaxşı olar. Lakin transferlərin əksəriyyəti yaxşı deyil. Əgər heyət yaxşı olsaydı, indi komanda 5-ci olmazdı. Mən “Karvan”da işləyən vaxtı komandaya gətirdiyim futbolçular inkişaf etdi. Məsələn, 50 minə transfer etmişdiksə, onları 250 minə satdıq.

– Avrokuboklarda iştirak imkanı qazanan komandalardan gözləntiləriniz nədir?
– “Qarabağ”dan hər zaman olduğu kimi, indi də gözləntilərim yüksəkdir. Komanda Avropa səviyyəsində oynayır. Futbolçuları da olduqca yaxşıdır. “Qarabağ” bu səviyyədə davam etsə, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilərlər. Digər klublarımızla bağlı püşkdən sonra danışmaq olar. Arzu edərdik ki, hər bir klubumuz uğurlu nəticə göstərsin

Məlik Məlikov