“Neftçi” Premyer Liqanın II turunu da itki ilə başa vurub. “Ağ-qaralar” “Səbail”lə səfər görüşündə heç-heçə edib – 1:1.
“Neftçi”nin keçmiş kapitanı Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Neftçi”nin nəticələri yaxşı deyil. Mövsüm indi başlayıb, artıq iki turdan sonra “Qarabağ”dan 4 xal geri düşüblər. Baxıram, Roman Qriqorçuk komandanı 5 müdafiəçi ilə oynadır. Bu futbol “Neftçi”yə yaraşmır. Komanda hər zaman çempionluğa oynayıb, hücum futbolu sərgiləyib. İndi nə üçün bu sistem olduğunu başa düşmürəm. Yəqin, turlar keçdikcə daha yaxşı olarlar”.
Mütəxəssis ötən mövsümü beşinci sırada bitirən “ağ-qaralar”da ciddi dəyişikliyin olmadığını əlavə etdi:
“İndiki məqamda görünən odur ki, komandada nəsə dəyişməyib. Səbəb bilmirəm nədir, transferlərmi, ya nə? “Neftçi”nin çempion olmağını arzulamışam, amma son illərdə komanda əvvəlki gücündə deyil. Sərgilənən futbol da qənaətbəxş deyil. Həm “Turan Tovuz”, həm də “Səbail” “Neftçi”ni məğlub etməli idi. Çünki baxın, hər iki matçda ikinci hissələrdə rəqiblər daha yaxşı futbol oynayıb, “Neftçi” qapısı qarşısında epizodlar yaratdılar”.
Hüseynov tez-tez açıqlamalarında “Neftçi”nin çempion olmasını arzuladığını deyib. Gəncədə doğulan və futbolun sirrlərini burada öyrənən mütəxəssis “Neftçi” ilə “Kəpəz” arasında fərq qoymasının səbəbini izah etdi:
“Gəncədə doğulmuşam, burada böyüyüb, futbola ilk addımlarımı atmışam. Amma məni tanıdan “Neftçi” olub. Uzun müddət bu komandada oynamış, 9 il kapitanı olmuşam. Yəni, Yunisi tanıdan “Neftçi” olub. Bu səbəbdən tez-tez bu komandanın çempion olmasını arzuladığımı demişəm. Amma “Kəpəz”ə də sevgim var, onların da çempion olmasını istərəm”.
Şahin Cəfərov