Yunanıstan çempionu: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istəyirəm”

Azərbaycan millisinin müdafiəçisi Ayşən Əhmədova Yunanıstanın PAOK komandası ilə ölkə çempionu olub.

Müdafiəçi bu münasibətlə “FutbolPress”in suallarını cavablandırıb:

– PAOK-la Yunanıstan çempionu oldunuz. Təəssüratlarınızı bilmək istərdim…
– Özümü xoşbəxt hiss edirəm. Burada olduğum və komanda ilə qızıl medalları qazandığım üçün xoşbəxtəm. Burada biz bir ailəyik. Mövsümün əvvəlindən buna çalışırdıq və layiq olduğumuz çempionluğu qazandıq. Gücümüzə əminəm, inanıram ki, ölkə kubokunu da qazanaraq mövsümü “qızıl dubl”la başa vura biləcəyik.

– Fərdi çıxışınızı necə qiymətləndirirsiniz?
– Hər zaman çalışmışam ki, çıxış etdiyim komandalarda özümü ən yaxşı tərəfdən göstərim. Düşünürəm ki, bu il də çıxışım pis alınmayıb. Yaxşı oyun sərgilədiyimi düşünürəm.

– Gələcəklə bağlı nə düşünürsünüz, karyeranıza Yunanıstanda davam edəcəksiniz?
– Hazırda gələcəklə bağlı dəqiq nəsə deyə bilmərəm. Burada qalıb və ya qalmayacağıma hələ qərar verməmişəm. Menecerimlə danışıb birlikdə qərar verəcəyik.

– Təkliflər var?
– Bəli, var.

– Hansı ölkələrdəndir?
– Bunu açıqlamağım düzgün olmaz.

– O zaman sualın formatını bir az dəyişək: hansı komandalarda forma geyinmək istərdiniz?
– Ən böyük arzum “Qarabağ”ın qadın komandasının olması və orada çıxış etməyimdir. “Qarabağ”la Çempionlar Liqasında oynamaq istəyirəm.

– Bir az da milli komandadan danışaq. Bir neçə ildir legioner həyatı yaşayırsınız. Milli komandamızda çatışmayan əsas amil nədir?
– Biz gənc komandayıq. Zamanla formalacağıq. Hazırda yeganə çatışmazlığın təcrübə olduğunu deyərdim. Buna da vaxt keçdikcə sahib olacağıq.

– Yığma Millətlər Liqasında Macarıstanla heç-heçə oynadığı halda, İsveçrəyə məğlub oldu. Turnirdə Azərbaycanın şanslarını necə qiymətləndirirsiniz?
– Rəqiblərimiz olduqca güclüdür. Hər komanda xal qazanmaq istəyir. Növbəti oyunlarımız Türkiyəyə qarşı olacaq. Bu yarış həm də bizim üçün yaxşı təcrübə meydanıdır.

– Ötən illərlə müqayisə etdikdə yığma komandanın oyununda hansı dəyişikliklər görünür?
– Hazırda komandanın keyfiyyəti artıb. Baxımlı futbol oynayırıq. Bunlar da qazandığımız təcrübələrdən irəli gəlir.

Məlik Məlikov