“Fənərbağça”da prezident seçkiləri öncəsi hazırkı prezident Ali Koç və keçmiş prezident Aziz Yıldırım arasında debat oldu. “Habertürk” telekanalında canlı yayımlanan debat ölkə gündəminin əsas mövzusuna çevrildi.
Debatda hər iki tərəfin eqosentrik atışmalarından başqa tutarlı nəsə deyilmədi. Populist atmacalar və s.
Ancaq harasından baxsaq, buna debat deməliyik, hətta demokratiya və s. Çünki bizdə bunların heç biri olmur.
Debat?
O nədir ki?
Azərbaycan futbolu debat üzünə həsrətdir. Heç bir sferasında əks fikirlilərin üz-üzə gəlib müzakirə etmədiyi, edə bilmədiyi futbolumuzdan yazan bəndənizin Yıldırım-Koç debatını tənqid etməsi miskin görünməzmi…
Aprelin 2-dəki AFFA prezidenti seçkilərini xatırlayaq. Seçkilərədək bircə ictimai müzakirə, platforma gördükmü?
Tək namizəd (?!) ilə prezident seçkilərinə getmək bir yana, hətta AFFA İcraiyyə Komitəsinə 13 yerə elə 13 namizədlə seçki… Lənət şeytana, bizim bacardığımızı kim bacarar?!
Bəli, artıq kuluarlardan səslər gəlməyə başlayır; fikir ayrılığı, parçalanmalar var AFFA rəhbərliyində.
Nə rəhbərliyi, nə İK-si mətbuata açıqdır. Bunun parçalanmasına-filanına bax hələ…
Guya artıq Rövşən Nəcəf əlçatmazlıq cildinə girib, guya “içəridə” kimlərsə islahat istəyir, lakin bunu ləngidənlər var.
Atam-qərdeşim, bunları saybasay təyin edirlər, yenə “taybatay” olurlar; düz gəlmirlər. Nəyin mənasızlığıdır ki bu?
Elxan Məmmədovun özündən qondarmaları ilə sizin bu tövr gizli çək-çevirlərinizin mahiyyətcə eyniliyi göz deşir artıq – futbolumuza tormozlayıcı təsir bitmədi?!
Ümumiyyətlə, “inkubator seçkiyə” getməyə razılaşan yeni AFFA isteblişmentində yaxşı və ya pislər ayırımı süni görünür. Başlanğıcdaca pis bir şeyə göz yumub idarə heyətinə düşmüsünüz də, cənablar. Bu nəyin “tamaşabazlığıdır” ki?
Ən adi qərarlarda belə düşük boşluqlar çıxır. Bacarırsınız? Onda bilin də, bilənlərə açılmaq lazımdır.
Əşi, hardan?
İnkubator idarəçilik formatına mumlayıb pərçimlənənlərdən fundamental, tutarlı, sürətli, effektiv qərarlar gözləyirik?!
Elçin Cəlilov
P.S. Yəni rəhbərlik geridə qalan 2 ay 9 gündə hələ ki təəssüfləndirməkdə davam edir. Qərarlarının da heç biri nöqsansız olmur.