Dünən AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi. Bu, yeni AFFA rəhbərliyinin seçildiyi iki ayda ikinci iclasdır.
Dərin təhlillər aparmadan da demək olar ki, AFFA-nın yeni idarəçiləri hazır deyil və bacarmır. Bunu iki iclas arasında gündəliyə salınan mövzular arasında oxşarlıq da isbatlayır. Maraq üçün hər iki iclasın gündəliyinə nəzər yetirək.
1-ci iclas:
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
– İnkişaf hədəflərinin müəyyən olunması
– Strategiyanın yazılması
2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi
2-ci iclas:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.
Fikir verdinizsə, üç mövzu eynidir. Prinsipcə isə hamısı…
Bu, niyə belə olur?
Çünki yeni rəhbərlik platformasız, proqramsız gəldi… Bunu da ilk günlərdən qeyd edirdik. İndi həmin anormallığın acısını bütünlüklə rəhbərlik yaşayır. Böyük ehtimalla, belə də davam edəcəklər. Yerində addımlamaq cüzi, estetik dəyişikliklər… Buna məhkumdurlar. Çünki əvvəldən düz addım atılmadı. Sonradan vəziyyəti düzəltmək olardı – ciddi kadr islahatları aparmaqla… Nə buna risk edənə oxşayırlar, nə də ümumiyyətlə risketmə potensialları görünür.
Çıxış yolu? İslahat! Risk edə biləcək təcrübəli kadrları iş başına gətirmək. Yoxsa davam edəcək…
Kamil Əhməd