Yeni strategiya: futzal imkanları barədə

AFFA-nın Azərbaycan futbolunun Yeni İnkişaf Strategiyası layihəsi bu ayın sonunadək təsdiqlənəcək. Bu haqda çox yazıldı, deyildi. Demək olar, interaktiv bir müzakirə mühiti gördük.

Deməli, irəli yönəlik addım atıldığı görünəndə neqativdən uzaq, səmərəli fikirlər daha çox səslənir. AFFA rəhbərliyi bunu yəqin sezir. Hazırlanan layihə və ətrafındakı yanaşma qurum haqda aqressiv fikirlərin səngiməsinə səbəb olub…

Layihənin ictimai müzakirəyə təqdim olunması da ayrıca xoş bir məqam kimi qeyd oluna bilər. Əslində, normal olmalı şeylərin olmasına təəccüblənməməliyik. Lakin…

Ən azı, əvvəlkitək tənqid/təkliflərə qapalı olmadığını göstərmək bəs edir ki, “buzlar ərisin”…

Çox sayda təklifləri oxuduq, müzakirə etdik. Ancaq layihədə futzaldan da bəhs olunmuşdu. Hansı ki, digər istiqamətlərlə müqayisədə ən az maddi-texniki baza, infrastruktur qayğısı məhz bu sahədədir.

Araşdırmalarımıza görə, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin nəzdində olmaqla 50-dən çox qapalı meydança mövcuddur. Bunların hər biri futzal və ya mini-futbol üçün standartlara cavab verir.

Bəs Azərbaycan Futzal Federasiyası (AFF) bu qədər imkandan niyə yaralanmırdı? Ümumiyyətlə, AFF layihə barədə təklif və ya mülahizələrini belə təqdim etməyib və müzakirələrdə ən passiv qurumlardan biridir.

Futzaldan futbola və ya əksinə kifayət qədər inteqrasiya görmüşük. Ümumiyyətlə, bu növ həm də kütləvi futbola çox yaxındır. Niyə bundan nəinki həvəskar, heç peşəkar yöndə səmərəli bəhrələnmə görülməyib?

Bakı, Şəki, Gəncə, Lənkəran, Şamaxı, Bərdə, Quba, Zaqatala, Şəmkir, Mingəçevir və s. bölgələrimizdə inşa edilmiş olimpiya idman komplekslərində niyə futzal, mini-futbol bölmələri açılmayıb?

Yaxşı, keçmişdə səhlənkar yanaşma olub, səhv edilib. Amma yeni inkişaf strategiyasında futzal haqda konkret punktlar var. AFF qeyd olunan istiqamətdə öz layihə və ya təkliflərini hazırlamalıdır.

Yeni inkişaf layihəsinin formatı elədir ki, hamı prosesə qoşulub iş görməlidir. Kimsə, heç bir qurum xonçada nəticə gözləməməli – “hələ görək, necə olur” deyilməlidir. Buraxılan boşluqların bədəli yeni inkişaf strategiyasına tam ciddi yanaşmaqla verilə bilər.

Kamil Əhməd