Azərbaycan Premyer Liqasında I tur başa çatıb.
Son çempion “Qarabağ” və gümüş medalçı “Zirə” mövsümə qələbə ilə başlayıb. Turun xalsız qalan komandaları isə “Kəpəz” və “Səbail” olub.
Araz-Naxçıvan – Qarabağ 1:4
Ötən mövsümün qızıl medalçısı “Qarabağ” çempionata inamlı start verdi. Heyətində bir çox dəyişikliklər olan “Araz-Naxçıvan”la görüşdə ehtiyat qüvvəyə güvənən “atlılar” rahat qələbə qazandı. Birinci 10 dəqiqədə 2 fərqli üstünlük yaxalayan “Qarabağ” daha sonra rahat oynadı və mövsümə uğurlu start verməyi bacardı.
“Araz-Naxçıvan” güclü rəqibinə ciddi təzyiq göstərə bilmədi və layiq olduğu məğlubiyyəti yaşadı. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektivdə xəttlərarası əlaqə zəifdir, müdafiədə verilən boşluqlar isə digər problemldir. Heyətdə bir çox oyunçu yenidir və uyğunlaşma üçün daha bir neçə matça ehtiyac var.
Neftçi – Turan Tovuz 0:0
Birinci turun maraqla gözlənilən qarşılaşmasında qol səsi çıxmadı. Roman Qriqorçuklu “Neftçi” azarkeşləri önündə qələbə arzulasa da, istəyinə çatmadı. İlk hissədə daha təhlükəli olan “ağ-qaralar” fasilədən sonra ciddi təhlükə ilə yadda qalmadı. Son 5-10 dəqiqədə təzyiqi artıran “Neftçi” oyunu demək olar, 100 faizlik qol epizodu olmadan tamamladı. Qriqorçukun “Neftçi”sində ciddi sıçrayış hiss edilmir. Komanda ötən mövsümdə olduğu kimi – bilinməyən oyun sistemi ilə mübarizə apardı. Yəqin, qarşıdakı turlarda daha nizamlı komanda görəcəyik.
“Turan Tovuz” isə Kurban Berdıyevin rəhbərliyi altında çıxdığı ilk rəsmi matçında pis görünmədi. Xüsusilə, əks-hücumlarda ciddi təhlükə yaratmağı bacaran tovuzlular “Neftçi”yə də bəzi anlarda çətinlik yarada bildilər. Berdıyev intizamlı və sıx komanda yarada bilib. Birinci turda “Neftçi” səfərində qazanılan bir xal pis nəticə hesab edilməməlidir.
Sumqayıt – Kəpəz 2:0
Konfrans Liqasında “Fehervar” (Macarıstan) səddini aşa bilməyən “Sumqayıt” Premyer Liqaya yaxşı başladı. Azarkeşləri önündə “Kəpəz”i inamlı hesabla məğlub edən “gənclik şəhəri” təmsilçisi rəqibindən ciddi müqavimət görmədi. Hər hissədə bir qol vuran sumqayıtlılar mövsümə üç xallı start verməyi bacardı. Komandada yorğunluq aşkar hiss olundu. Kasad heyətlə mövsümə başlayan Samir Abasov üçün qarşıdakı oyunlar daha çox problemə çevrilə bilər. Yeni transferlər hələ uyğunlaşmayıb, xüsusilə, Slavko Radoviç və Fernando Medeiros fiziki baxımdan zəifdir. Aktivliyi ilə seçilən Rəhim Sadıxov isə “Kəpəz”lə oyunun əsas qəhrəmanlarından oldu.
“Kəpəz” isə faktiki autsayder kimi oynadı. Yenilənmiş heyətə sahib olan gəncəlilər “Sumqayıt” səfərindən sanki xalsız dönməyə razı idi. Geridə olduqları müddətdə hücuma can atmayan “Kəpəz”in heyətlə bağlı ciddi problemləri var. Legionerlər nə etdiyini bilmir, komanda intizamı görünmürdü. Bu, gəncəlilər üçün demək olar, adiləşmiş haldır. Son illərdə hər mövsümün əvvəlində 6-7 tur pis çıxış edən “sarı-göylər”də baş məşqçi dəyişikliyindən sonra dirçəlişin şahidi olmuşuq. Komandaya rəhbərlik edən Adil Şükürov dirçəliş yarada bilməzsə, çempionatda ilk ayrılanlardan olacaq.
Sabah – Şamaxı 2:2
Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” komandasını keçən “futuristlər” çempionata bir xalla başladı. Avrokubok oyunununun yorğunluğunu üzərindən ata bilməyən komandada bəzi dəyişikliklər olmasına baxmayaraq, əvəzedicilər istənilən nəticəyə nail ola bilmədi. Bəzi oyunçular bir neçə epizodlarda özlərini yaxşı tərəfdən göstərsə də, qələbə qazanılmadı. Bir xalı “Sabah” üçün qənaətbəxş hesab etmək olmaz. Buna baxmayaraq, avrokubok oyununun ağırlığı, çempionatın ilk matçının olması və rotasiyalar nəticəyə təsir edən əsas amillərdən oldu.
Bir il sonra yenidən Premyer Liqaya qayıdan “Şamaxı” çətin səfərdən bir xalla dönməklə mövsümə yaxşı start verdi. Ayxan Abbasov enerjili və döyüşkən komanda yarada bilib. İlk hissənin əvvəlindəki fərdi səhvləri çıxmaqla, demək olar, komanda ciddi boşluq vermədi. “Sabah”ın ciddi təzyiq göstərməməsi də komanda üçün faydalı oldu. “Şamaxı”da gənclər üstünlük təşkil edir və Premyer Liqa təcrübəsinin azlığı qarşıdakı matçlarda problemlər yarada bilər.
Zirə – Səbail 4:1
Konfrans Liqasında Slovakiya təmsilçisi “DAC 1904”ü keçən “Zirə” çempionata da üç xalla başladı. “Səbail”ə yaxşı oyunla qalib gələn “qartallar”da inkişaf sezilir. Rəaşd Sadıqovun rəhbərlik etdiyi kollektiv indi daha çox hücuma cəhd edir, meydanda əzmkar futbol nümayiş etdirirlər. Komandanın hazırda əsas diqqəti Konfrans Liqasının III təsnifat mərhələsinin “Osiyek”lə oyunundadır. Həftəiçi çətin avrokubok matçına çıxacaq “qartallar” bu mövsüm sərgilədiyi oyunla özünə inamı artırıb.
“Səbail” isə indiki məqamda çempionatın ən zəif kollektivlərindən biri təsirini bağışladı. Xüsusilə, matçın ilk hissəsində futbolçular arasında əlaqə, mövqe seçimləri, kombinasiyalı oyun demək olar, sıfıra bərabər idi. “Dənizçilər”də yeni transferlərin sayı çoxdur və uyğunlaşma üçün vaxta ehtiyac var. Bayıl klubunun baş məşqçisi Şahin Diniyev məğlubiyyətə baxmayaraq, iddialı komanda formalaşdıracağını söyləyib. Qalanını isə zaman göstərəcək.