“Yeni mövsümdə Gəncədə oynamaq üçün motivasiyamız var” (MÜSAHİBƏ)

“Kəpəz”in futbolçusu Yeqor Xvalkonun “FutbolPress“ə müsahibəsi:

– Mövsümün birinci dövrəsini bir qələbə ilə sonuncu sırada tamamlandınız. Dövrəni necə dəyərləndirirsiniz?
– Nəticə ortadadır. Gözlədiyimiz bu deyildi. Amma dövrənin sonlarına yaxın oynaya bildik və qələbə gəldi.

– Komandanın əzəli rəqibi “Neftçi”yə qalib gələrək ilk qələbəni qazandınız…
– Bəli, düşünürəm ki, inamlı qələəb qazandıq. Hər oyunda belə oynamalıyıq. Şanslarımız çox olsa da, müdafiədə də problemlər yaşayır, qollar buraxırıq. Bu, bir az adamı qəzəbləndirir.

– Bu qələbə qarşıdakı oyunlarda komandaya necə təsir edəəck?
– Yüz faiz müsbət təsirləri olacaq. Hər həftə uduzanda komandada psixoloji eniş olur və bu seriyanı qırmaq çətinləşir. İndi ilk qələbəni qazandıq və inamımız gəlib. Düşünürəm ki, “Neftçi” qələbəsi geridönüşümüzün başlanğıcı olacaq.

– “Kəpəz” autsayder göstərilir. Elitada qalmaq çətin olmayacaq?
– Çempionatın ən az büdcəli iki komandasından biriyik. Heyətimiz 90 faiz dəyişib. Buna baxmayaraq, ümid edirəm ki, qarşıya qoyulan vəzifəyə çatıb, elitada qalacağıq. Yeni mövsümdə Gəncədə oynamaq üçün motivasiyamız var.

– Maraqlı tendensiya yaranıb, son mövsümlərdə “Kəpəz” ilə iki məşqçi dəyişir. Pis startdan sonra dəyişikliyin də təsiri ilə komanda elitada qala bilir…
– Məncə, səbəb hər mövsüm komandanın yenilənməsidir. Maliyyə məsələləri də burada çox rol oynayır.

– Artıq üçüncü mövsümdür, Azərbaycanda oynayırsınız. Premyer Liqada hansı dəyişikləri qeyd edə bilərsiniz?
– Hər mövsüm maraqlı keçir. Avrokuboklar uğrunda mübarizə gərgin keçir. Eyni zamanda, elitada qalmaq yarışı da gərgin olur. Düşünürəm ki, bu mövsüm də belə keçəcək.

– “Kəpəz” illərdir, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Necə düşünürsünüz, komandanın avrokuboklar yarışı nə vaxt olacaq?
– Müasir futbolda maliyyə böyük rol oynayır. Görürsünüz ki, bir çox azərbaycanlı futbolçu xaricə getməkdənsə, burada ehtiyatda qalmağı üstün tuturlar. Maliyyə yaxşı deyil deyə “Kəpəz”ə də gəlmək istəmirlər. Xüsusilə, əcnəbi futbolçular. Son illərdə bu problemə görə komandanı tərk edən legionerlərimiz də olub. Çempionat inkişaf edir, rəqabət artır. Amma maliyyə məsələləri yenə sözünü deyir. Ona görə nəsə demək çətindir. Ümid edirəm ki, yeni stadionda azarkeşlər qarşısında komanda daha güclü olacaq və avrokuboklar yarışına qoşula biləcək.

– Müqaviləniz mövsümün sonuna kimidir. “Kəpəz” elitada qala bilməzsə, seçiminiz necə olacaq?
– İndi bu haqda danışmaq tezdir. Hər yay bir illik müqavilə imzalayırıq və görək, bu dəfə necə olacaq. İndi danışmağın mənası yoxdur.

Şahin Cəfərov