Yeni mövsümə doğru: Premyer Liqa klubları necə hazırlaşır?

FutbolPressAzərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 5-də start veriləcək.

2022/2023 sezonunda çempionatda 10 komanda iştirak edəcək. AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə “Kəpəz” və “Turan Tovuz” da Premyer Liqada mübarizə aparacaq.

Klublar artıq yeni mövsümün çalışmalarına start verib. Komandaların bəziləri Türkiyədə, bəziləri isə ölkə daxilində hazırlaşır.

Yalnız “Şamaxı”da vəziyyət qeyri-müəyyəndir. Müqavilə ilə komandanın baş məşqçisi olan Rüstəm Əliyevin işindən ayrılacağı, Cavid Hüseynovun bu posta təyin olunacağı iddia edilir. Heyətdəki bütün legionerlər də klubu tərk edir. Əcnəbilərlə yanaşı, yerli oyunçuların da gedişi ardıcıllıqla yaşanır. Klubda rəhbərliyin bəlli olmaması yeni mövsümün hazırlıqlarını yubadır. Son məlumatlara görə, artıq komanda toplaşıb və məşqlərə başlayıb. Cavid Hüseynovun rəhbərliyi altında hazırlaşan kollektivə bir neçə yeni oyunçu da qoşulub. Onlar özlərini doğruldacağı təqdirdə komandada saxlanacaqlar.

***

İyulun 5-də Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə (Polşa) qarşılaşacaq “Qarabağ” çalışmalarını Avstriyada davam etdirir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna qədər 3 sınaq matçı keçirib. Rumıniya “Botoşani”sini 4:0 hesabıyla məğlub edən “atlılar” Almaniya “Holştayn Kil” və Rumıniya “Universitatya Krayova”sı ilə heç-heçəyə razılaşıb (2:2, 1:1).

“Qarabağ” transfer çalışmalarını da davam etdirir. Hücumçu mövqeyinə axtarışlarını davam etdirən “göy-qaralar” hələ ki, monteneqrolu Marko Yankoviçi heyətinə qatıb.  Ötən mövsümü icarə əsasında komandada keçirən Luka Quqeşaşvili isə müqavilə ilə məxsus olduğu Polşa “Yagelloniya”sından alınıb. Gürcüstan millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

***

Ötən mövsümü 2-ci sırada tamamlayan “Neftçi” Türkiyədə hazırlaşır. Boluda məskunlaşan “ağ-qaralar” burada 3 yoldaşlıq görüşü keçəcək. Rəqiblərdən biri yerli “Sakaryaspor”dusa, digərlərinin adı hələlik məlum deyil. Konfrans Liqasının II təsnifat mərhələsində Kipr “Aris”i ilə qarşılaşacaq klub transfer çalışmalarından öncə baş məşqçisini dəyişib. Samir Abasovla yollarını ayıran “ağ-qaralar”  bu posta Laurentsiu Regekampfı gətirib. “Ağ-qaralar” israilli Ataa Caber, amerikalı Kennet Sayef və qanalı Qodsvey Donyonu transfer edib. Son mövsümləri icarədə digər klublarda keçirən Rəhman Hacıyev də “ağ-qaralar”a dönüb.

***

Rəşad Sadıqovun çalışdırdığı “Zirə” də Boluda məskunlaşıb. “Qartallar” burada bir yoxlama oyununa çıxıb. Rumıniya “Hermanşdadt”ı ilə qarşılaşan “qartallar” 1:2 hesabıyla uduzub. “Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”si (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək. Transfer çalışmalarını da davam etdirən qəsəbə təmsilçisi buna qədər Slavik Alxasov, Rəhim Sadıxov, Mirsayib Abbasovu transfer edib. Komandanın ötən mövsümkü bombardiri David Volkov isə klubu tərk edib.

***

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qəbələ” hazırlıq üçün Türkiyəyə yola düşəcək. Toplanışın ilkin mərhələsini Qəbələdə keçirən əyalət təmsilçisi qonşu ölkədə yoxlama oyunları keçirəcək. “Qırmızı-qaralar” buna qədər Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santosla güclənib. Klubun hücumçu axtarışları da davam edir. Eyni zamanda yarımmüdafiəyə oyunçu cəlb olunacaq. “Qəbələ” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə üz-üzə gələcək.

***

Yeni sezonda çempionluğa iddiasını ortaya qoymaq istəyən “Sabah” hazırlıqlarını Bakıda davam etdirir. Murad Musayevin rəhbərlik etdiyi kollektiv toplanışın 2-ci mərhələsini Bolqarıstanda keçirəcək. Komanda iyulun 15-də səfərə yollanacaq. “Sabah” etdiyi transferlərlə səs-küy yaratmağı bacarıb. Bakı təmsilçisi Namiq Ələsgərov, Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov kimi milli üzvlərini sıralarına cəlb edib. “Sabah”ın yeni mövsümdə çempionluq yarışına ciddi təsir göstərəcəyi ehtimal edilir.

***

Büdcəsi artan və iddialı heyət qurmaq istəyən “Səbail” Bakıda hazırlaşır. “Dənizçilər”in  toplanışının növbəti mərhələsinin harada olacağı hələ məlum deyil. Mahmud Qurbanovu baş məşqçi postuna gətirən komanda buna qədər heyətini braziliyalı Qustavo Moreno de França, Vüqar Həsənov, Vüsal Qənbərov, Rafael Məhərrəmli, Franku Mazurek, Qoba Zakpa, Ağabala Ramazanov və Luvaqa Kizito ilə gücləndirib.

***

Heyətinə ilk dəfə legioner cəlb edəcəyi açıqlanan “Sumqayıt” da hazırlıqlarını davam etdirir. Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv iyulun 16-da Türkiyəyə yollanacaq. Boluda məskunlaşacaq “kimyaçılar” burada 3 sınaq matçına çıxacaq. Rəqiblər məlum deyil. “Sumqayıt” transfer çalışmalarına da davam edir. “Gənclik şəhəri” təmsilçisi hələlik bir oyunçu ilə güclənib. Son mövsümü Türkiyə “Keçiörengücü”sündə keçirən Vüsal İsgəndərli “kimyaçılar”la 2 illik müqavilə imzalayıb. Klubun əcnəbi oyunçu axtarışları davam edir.

***

Premyer Liqaya qayıdan “Turan Tovuz” hazırlıqlara başlayıb. Öncə Bakıda hazırlaşan kollektiv artıq Tovuza qayıdıb və məşqlərini davm etdirir. Bölgə təmsilçisi transfer dönəminin aktiv klublarındandır. Ayxan Abbasovu baş məşqçi postuna gətirən “Turan Tovuz” buna qədər 8 oyunçu ilə güclənib. “Neftçi”dən Turan Vəlizadə, Xəyal Nəcəfov, “Sabah”dan Veysəl Rzayev, Şakir Seyidovu icarəyə götürən tovuzlular qapıçılar – Tərlan Əhmədli ilə Kamal Bayramov, müdafiəçi Tərlan Quliyev və Şəhriyar Əliyevi də transfer edib. Bölgə təmsilçisinin azarkeşləri ilə birlikdə yeni sezona rəng qatacağı gözləniləndir.

***

Elitanın daha bir köhnə-yeni sakini “Kəpəz” isə Gəncədə hazırlaşır. Komanda toplanış çərçivəsində 2 sınaq matçı keçirəcək. Rəqiblər “Sumqayıt” və “Səbail” olacaq. Hər iki görüş Bakıda baş tutacaq. “Kəpəz” transfer çalışmalarını da davam etdirir. “Sarı-göylər” buna qədər “Neftçi”dən Kamran İbrahimovu, “Qarabağ”dan Zamiq Əliyevi, “Sabah”dan isə Samir Məhərrəmlini icarəyə götürüb.

Ümumən, yeni mövsümün ötən illərə nəzərən daha rəqabətli və maraqlı keçəcəyi gözlənilir. İlk növbədə komanda sayı artıb. Artıq çempionatda tək bölgə təmsilçisi “Qəbələ” deyil. Tovuz və Gəncə səfərləri də azarkeşlər üçün maraqlı olacaq. “Sabah”ın güclənməsi, “Neftçi”nin çempionluq iddiası, “Qarabağ”ın Azərbaycan futbolunda liderliyini davam etdirməsi istəyi yarışı daha rəqabətli edəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu