Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə yoldaşlıq oyununda Haitiyə qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edən müdafiəçi jurnalistlərin suallarını cavablandırıb:
– Haiti millisi bizə tanış olmayan rəqibdir, amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir.
– Millidə atmosfer necədir?
– Ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik.
– Millinin təcrübəli oyunçularındansan. Yeni və təcrübəsi az olanlar da var. Onlarla uyğunlaşma necədir?
– Yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır.
– Matçda nəticə önəmlidir?
– Düzgün oynamaq da vacibdir. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir.