“Kəpəz” Premyer Liqada xalsız olan yeganə komandadır. Gəncəlilər birinci turda “Sumqayıt”a 0:2, daha sonra isə son çempion “Qarabağ”a 0:3 hesabıyla məğlub olub.
Nəticələrdən əlavə daha bir neqativ məqam komandanın hələ oyununu tapmamasıdır. İki matçda da dişsizlik göstərən, hücum qurmaqda çətinlik çəkən “sarı-göylər”in növbəti rəqibi isə “Turan Tovuz” olacaq. Mümkün məğlubiyyət baş məşqçi Adil Şükürovun da taleyini sual altına sala bilər. Ötən mövsüm komandanı pis durumda götürən və ardıcıl qazanılan xallarla elitada saxlayan Şükürov indi çətin durumdadır.
Sponsor, büdcə, heyət çatışmazlıqları fonunda komandanın məzmunsuz oyunu problemləri daha artırır. Şükürov vəziyyətə çıxış yolu tapmalıdır. Əks halda, demək olar, hər mövsüm olduğu kimi bu dəfə də çempionatda ilk baş məşqçi ayrılığı “Kəpəz”də olacaq.
Azərbaycanın köklü klublarından olan Gəncə təmsilçisində son illərdə maraqlı tendensiya yaranıb. Mövsümün əvvəli xal itkiləri baş verir, məşqçi göndərilir, yenisi gəlir və vəziyyət düzəlir. “Kəpəz”də nə baş verdiyini bəlkə də, heç özləri anlamırlar.
İki turda xalsız qalan gəncəlilərin “Turan Tovuz”la oyunu da ağır olacaq. Rəqibin daha yaxşı heyəti var və əsası komanda məzmunlu futbol sərgiləyir.
Mövsümün startının nəticələrinə və sərgilənən oyuna baxanda autsayder qismində yenə öndə “Kəpəz” gəlir. Gedişatın necə olacağını isə zaman göstərəcək.
Şahin Cəfərov