Yenə fiasko

Azərbaycan milli komandası növbəti məğlubiyyətini yaşadı. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoldaşlıq matçında Belarusa uduzdu – 0:2.

Haitiyə biabırçı (0:3) məğlubiyyətdən sonra hücum futbolu yox, daha çox müdafiədən oynamalı olduqlarını bildirən Santuşun bu sistemi də işə yaramadı. Belarusla görüşün birinci hissəsində demək olar, hər topu arxaya göndərən futbolçular hücuma çıxmaq yox, müdafiədən oynamaq istədiklərini göstərdi. Buna baxmayaraq, Santuş oyunsonrası konfransda hücum futbolu oynamaq istədiklərini, lakin futbolçuların daha çox geriyə oynadıqlarını bildirdi. Milli matça daha aqressiv başlamasına baxmayaraq, 10-15 dəqiqə sonra rəqib oyuna nəzarəti ələ aldı. Topla daha yaxşı davranan, qısa ötürmələrlə müdafiəni yarmağa çalışan belaruslularun ilk hissədəki cəhdləri uğursuz alındı.

İkinci hissəyə daha dinamik və hücumameyilli oynayan Azərbaycan yığması 1-2 təhlükə yaratsa da, sonluq çatmadı. Əvəzində belaruslular standart vəziyyətdən fərqlənməklə önə keçdi. Ötən oyundan sonra milli qol buraxanda ruhdan düşür sözləri bu dəfə yenidən gündəmə gəldi. Qoldan sonra bir az geriyə çəkilən millimiz cinahlardan hücuma çıxmağa çalışsa da, alınmadı. Müdafiədə Zamiq Əliyevin kobud səhvi isə oyunun qırılma nöqtəsi oldu. Fürsəti maksimum dəyərləndirən rəqib səhvi bağışlamadı. İkinci hissədə xüsusilə, sonradan meydana daxil olan Coşqun Diniyevin oyunu alınmadı. Tez-tez ötürmə səhvlərinə yol verən yarımmüdafiəçoi hücum gücünü artırmaq əvəzində səhvlərlə top itkilərinə səbəb oldu. Hücuma dəstək üçün meydana çıxan Renat Dadaşov da hava toplarında uğursuz oldu.

Belarusa qarşı zəif futbolla məğlub olan milli beləliklə ardıcıl ikinci yoxlama matçını fiasko ilə bitirdi. Millinin potensialı elə budur. Klublarında stabil şans qazanmayanlar millidə fərq yarada bilmir. Belarusla matçda Xəyal Əliyev və Mahir Emreli digərlərinə nisbətən daha əzmkar göründü. Yaradıcı və lider oyunçunun yoxluğu daha bir matçda özünü büruzə verdi. Yeni mövsümdə çempionatda legioner limiti ləğv olunacaq və böyük ehtimal, hazırda komandalarında əsas heyət üzvü olan bir neçə yerli oyunçu artıq ehtiyac oyunçu statusu alacaq. Santuşun bu minvalda hansı seçimlər edəcəyi, kimlərlə necə oynayacağı sual altındadır.

Şahin Cəfərov