“Neftçi” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”a məğlub olub – 0:5.
Gümüş medal uğrunda mübarizə aparan “ağ-qaralar” bu məğlubiyyətlə “dördlük”dəki yerini tərk etdi. Komanda indi 50 xalla 5-cidir və ikinci “Zirə”dən 2 xal geridədir. Mövsümün sonuna üç tur qalıb və xal fərqi böyük deyil. Buna baxmayaraq, vəziyyət “Neftçi”nin xeyrinə deyil.
Miodraq Bojoviçin komandası növbəti üç oyunu qazansa belə, rəqiblərinin xal itirməsini gözləməlidir. Öndə olan üç komandadan yalnız “Sabah” və “Sumqayıt”ın bir-birilə oyunu olacaq. “Zirə”nin taleyi öz əlindədir. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv üç qələbə ilə gümüş medalların sahibi ola bilər. “Qartallar” həm də Azərbaycan Kubokunun finalındadır və qızıl medallar komandanı Avropa Liqasına qatılmaq haqqı verəcək. Çətindir, ancaq hər şey özlərindən asılıdır.
“Neftçi”də isə qeyri-stabillik davam edir. Ötən tur azarkeşlərinin – “Forza Neftçi”nin tribunaya qayıtması ilə “Turan Tovuz”u məğlub edən və fanatlarını yenidən ümidləndirən “ağ-qaralar” bu turda meydançı məyus tərk etdi. “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından sonra “Neftçi”nin “Qarabağ”la oyunları derbi atmosferində keçirdi. Lakin vəziyyət o yerdədir ki, “atlılar” son üç görüşdə “ağ-qaralar”ın qapısından 13 top keçirib, “Neftçi”nin buna qarşılığı isə bir qol olub. Artıq “derbi” ifadəsi biryana, başabaş mübarizə belə getmir.
Hər mövsüm sonu uğursuzluqlara don geyindirmək, “yaxşı olacaq” sözləriylə fanatlarını ümidləndirən “Neftçi” daha bir uğursuz il keçirir. Yayda komandada ciddi islahatların olacağı gözlənilir. Bojoviçin də taleyi sual altındadır. Yeni baş məşqçi, yeni heyət və s. Yenilənmələrin növbəti mövsümdə hansı vəziyyət yaradacağı isə məlum deyil. İndiki vəziyyətdə isə işıqlı günlər uzaqda görünür.
Şahin Cəfərov