“Yaxşı imkanı olan klublar transferdə yanılmaq istəmirlər”

Azərbaycan Premyer Liqasında qış transfer dönəmi davam edir. Turnir cədvəlinin son sıralarında yer alan kollektivlər aktivlik nümayiş etdirir, avrokuboklar mübarizəsi aparanlar isə daha sakit təsir bağışlayır. Transfer dönəmi ilə bağlı silsilə materiallarımız davam edir.

Bu dəfə klubların qış “bazarlığı” haqda menecer Vaqif Heydərli ilə danışdıq. Agent klubların qış transfer dönəmini passiv keçirməsinə toxundu:

“Qış transfer dönəmi yaya nisbətən həmişə daha passiv keçir. Buna səbəb əksər ölkələrdə mövsümlərin bitməsi, oyunçuların azad agentə çevrilməsidir. Bu zamanda seçim variantı çoxalır. Bizim klublar da daha çox azad agent statuslu oyunçular axtarır. Buna görə qış transfer dönəmi sakit keçir. Passivlik əslində gözlənilən idi. Qış transferlərinin yaydakından fərqi odur ki, böyük əksəriyyət çempionatlar davam edir. Bəzi skandinaviya ölkələrində, Qazaxıstanda mövsüm bitir və o bazara maraq çox olmur. Deməzdim ki, transfer dönəmi çox passiv keçir. Demək olar, gözlənilən kimi davam edir. Elitada qalmaq uğrunda mübarizə aparan komandaların heyətlərini gücləndirməsi gözlənilirdi. Bunlar da “Səbail”, “Şamaxı”, “Kəpəz”dir. Bu klubların aktivliyi normaldır”.

Qış transfer dönəminin bitməsinə bir həftə vaxt qalıb. Turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan “Qarabağ”, “Araz-Naxçıvan” və “Zirə” hələ transfer etməyib. Çempionluq və avrokubok zonası uğrunda mübarizə aparan klublar üçün heyətləri demək olar kifayətdir və yeni oyunçuya ehtiyac duyulmur. Belə bir hal müşahidə olunur ki, imkanı daha yaxşı olanlar sakit qalır, nisbətən az büdcəli klublar isə fəallıq göstərir. Menecer bunun səbəbini belə izah etdi:

“Üst sıralarda olan pillələrdə isə “Turan Tovuz” bir az fəallığı ilə seçilir. Onlar da axtarışlarda olsalar da, demək olar, hələ istədikləri oyunçuları tapa bilmirlər.

Yaxşı imkanı olan klublar transferdə yanılmaq, tənqid obyektinə çevrilmək istəmirlər. Çünki onlar müəyyən məbləğlər ödəməli olurlar. Buna görə dərindən düşünür, təhlillər aparırlar. Ümumilikdə transfer dönəmini çox passiv deməzdim. “Neftçi” və “Sabah” artıq iki transfer edib. Bunun davamının da olacağını düşünürəm”.

Azərbaycan Premyer Liqasında qış transfer dönəmi fevralın 10-da başa çatacaq. Klubların qarşıdakı günlərdə oyunçularla güclənəcəyi, xüsusilə sona yaxınlaşdıqca hərəkətliliyin artacağı gözlənilir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.