“Yaxın zamanda bu keçid olmayacaq”

Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Futbolçularıma təşəkkür edirəm. “Turan Tovuz” əla komandadır. Onlara qarşı hazırlaşmaq da çətin idi. Komandanın gücü bəllidir. Olduqca vacib 3 xal qazandıq. Ən çətin qrafik bəlkə də bizdədir. 4 gün sonra “Səbail”lə oynamalıyıq. Nə qədər tez keçid edə bilsək, o qədər yaxşı olacaq.

– Kurban Berdıyevi üçüncü cəhddə məğlub edə bildiz. Bugünkü qələbənin sirri nə oldu?

– Futbolçuların əzmkarlığı və oyun intizamı. Rəqib son 25 dəqiqədə çox hücumlara atıldı. Amma futbolçularım buna imkan vermədi. Bir komandaya uyğun nələrisə dəyişmək çox çətin olur.

– İsa Cibrillanın davamlı start heyətdə yer aımasına nə mane olur?

– Həm Məqsəd İsayev, həm də Cibrilla eyni mövqeyin futbolçularıdır. Sadəcə bəzən rotasiyalar etməyə məcbur oluruq. Bu bəzən limitlə, bəzən də başqa səbəblə bağlı olur.

– Tiaqo Silavın uzun müddət start heyətdə olmaması nədir?

– Limitə görə Tiaqoya şans verə bilmirəm. Amma Aydın Bayramovun performansı bizə rahatlıq verir.

– Belə həlledici məqamda futbolçuları psixoloji yoxsa taktiki cəhətdən hazırlamaq çətindir?

– Bunu sıx qrafiklə əlaqələndirə bilmərəm. Bura rotasiyayla gəlmişdik. Hansı ki, bunlar özünü doğrultdu.

– Çempionatda məğlub etmədiyiniz rəqib qalmadı. Bu əlavə motivasiya verir?

– Ən vacib olan budur ki, mayın sonu istədiyimiz yerdə olaq.

– Salifu Sumayla bağlı “Fənərbağça”nın maraqlanması doğrudur?

– Xeyr, rəsmi təklif olmayıb. Yaxın zamanda bu keçid olmayacaq. Sumanın agentini dəvət etmişdik. Onunla görüşdük və müqaviləni uzatdıq. Vacib olan futbolçunun situasiyanı dəyərləndirməsidir.

Mirkamal Kazım