Yaşar Vahabzadə: “Transferlər olunsa, növbəti yarıda fərqli “Kəpəz” görə bilərik”

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsinə yollanan ilk komandalar müəyyənləşdi.

“Kəpəz” çempionatın XVIII turu çərçivəsində doğma meydanda “Sumqayıt”la qolsuz bərabərliyə razı oldu. Cari ildə bu, hər iki komandanın son rəsmi matçı idi.

Təcrübəli futbol veteranı Yaşar Vahabzadə “Futbolpress”ə Premyer Liqa klublarının çıxışını dəyərləndirdi. Mütəxəssis ilk növbədə rəqiblərin bugünkü oyununa toxundu:

“Hər iki komanda qış fasiləsinə yollandı. İlk növbədə tərəflərin bugünkü oyununa toxunmaq istəyirəm. Birinci hissə qarşılıqlı hücumlar şəraitidə keçirdi. Hər ikisinin qol vurnmaq şansları var idi. Sadəcə yararlana bilmədilər. İkinci hissədə isə sanki sərt oyuna üstünlük verdilər. Ona görə də qarşılaşmanın tempi aşağı düşdü. Ümumən heç-heçə oyunun ədalətli nəticəsiydi”.

O, “Kəpəz”in indiki halının qənaətbəxş olduğunu bildirdi:

“Hər iki komandada məşqçi dəyişikliyi olub. Yəqin “Kəpəz” rəhbərliyi və azarkeşləri çempionatın onlar üçün belə yekunlaşmasını istəyər. Ancaq son zamanlar “sarı-göylər”in oyununda irəliləyiş var. Hər halda müəyyən mövqelərə oyunçu ala bilsələr, 3 və 4-cü dövrələrdə daha fərqli “Kəpəz” görə bilərik”.

Futbol veteranı həmçinin Vaqif Cavadovun “Sumayıt”da gördüyü işlərdən də söz açdı:

“Sumqayıt”a gəlincə, Cavadovun gəlişindən sonra ilk qarşılaşmada məğlub olsalar da daha sonra məzmunlu oyun nümayiş etdirdilər və ardıcıl qələbələr qazandılar. Öncəki turda “Qarabağ”a böyük hesabla (0:5) uduzsalar da nəzərə almaq lazımdır ki, zədəli və cəzalıları var idi. Bu, başa düşüləndir. Vaqifdən əvvəl komandanın bir neçə oyunluq qələbəsizlik seriyası var idi. Ancaq onun təyinatından sonra komandada canlılıq yarandı. Öz üslubun komandasına yeritməyi bacardı. Hər iki komandaya 3 və 4-cü dövrələrdə uğurlar arzulayıram”.

Mirkamal