Yaşar Vahabzadə: “Neftçi”nin son sıralarda olması yaxşı deyil”

Azərbaycan Premyer Liqasında 4 tur geridə qalıb. Hazırda “Turan Tovuz” 10 xalla liderdir.

Ölkə futbolunun köklü klublarından “Neftçi” 9, “Kəpəz” isə 10-cu sırada yer alıb. Azərbaycan yığmasının sabiq məşqçisi Yaşar Vahabzadə “FutbolPress“ə açıqlamasında çempionatın startını dəyərləndirdi:

“Komandalar hələ qeyri-stabil çıxış edir. Bircə, “Turan Tovuz”u qeyd etmək olar. Görürsən ki, yeni baş məşqçisinin işi var və komandadan nə tələb etdiyi bilinir. Müdafiədə etibarlı oynayırlar. Bundan sonra necə olacağını zaman göstərəcək. Çempionat hələ təzə başlayıb və qarşıda uzun vaxt var. İndiki məqamda komandalarda stabillik demək olar, yoxdur. Bu da zamanla düzələcək”.

Vaxtilə “Neftçi”də oynamış Vahabzadə “ağ-qaralar”ın durumunu şərh etdi:

“Neftçi”nin yenilənmiş heyəti var. Bu komandada gərək transferlər tez uyğunlaşa bilsinlər. “Neftçi”də indi nə problemlər var, deyə bilmərəm. Ona görə gözləmək lazımdır. Baş məşqçi Roman Qriqorçuk da istəkli görünür, qələbələr qazanmaq istəyir. Amma sərgilənən oyun bunu göstərmir. Çempionat yeni başlayıb, qarşıda millinin oyunlarına görə fasilə olacaq. Yəqin, komandalarda işlər gedəcək. Hazırda əsas problem meydanda futbolçuların bir-birini başa düşməməsi, uyğunlaşma problemidir. “Neftçi”nin son sıralarda olması yaxşı deyil. Rəhbərlik, məşqçilər, futbolçular, bir sözlə, hamı birləşib “Neftçi”ni bu durumdan çıxarmalıdır”.

2019-2022-ci illərdə “Kəpəz”ə rəhbərlik edən mütəxəssis Gəncə təmsilçisinin vəziyyətinə də toxundu:

“Kəpəz”də heyətin 80-90 faizi dəyişib. Bu komandada həmişə çempionatın əvvəli problemlər yaşanır. Yeni oyunçuları formalaşdırmaq, gözləmək lazımdır. İldən-ilə də hər şey çətinləşir, futbolçuların qiymətləri qalxır. Belələri də “Kəpəz”ə gəlmir, yəni, yaxşı oyunçu məsələsi büdcəyə görə çətindir. Bu komanda artıq üçüncü ildir, Premyer Liqada oynayır. Əvvəl də başlayanda belə olurdu, mövsümün əvvəlində məğlubiyyətlər olur, sonra getdikcə özlərinə gəlirlər. Ona görə, gözləmək lazımdır”.

Şahin Cəfərov