Yarımfinalın oyunlarına doğru – favorit kimlərdir?

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Futbolpress.az-ın məlumatına görə, günün birinci matçında “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gələcək. “Liv Bona Dea Arena”da keçiriləcək oyuna saat 17:00-da start veriləcək.

Komandalar bu mövsüm çempionatda 3 dəfə üz-üzə gəliblər. “Qarabağ” hər oyunu qələbə ilə başa vurub. “Atlılar” 9, “Araz-Naxçıvan” isə cəmi 2 qol vurub. Oyundan öncə favorit “atlılar”dır. Premyer Liqanın lideri kuboku qazanmağa da əsas namizəddir. “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev daha əvvəl “Qəbələ” ilə ölkə kubokunu qazanıb və bu, naxçıvanlarılar üçün əlavə üstünlük sayıla bilər.

Digər matçda isə “Neftçi” və “Sabah” komandaları üz-üzə gələcək. “Neftçi Arena”da baş tutacaq oyuna saat 19:30-da start veriləcək. Bu mövsüm komandalar üç dəfə qarşılaşıblar. İki oyun heç-heçə bitib, bir matçda da “Sabah” qələbəyə sevinib. “Bayquşlar” bu mövsüm “Neftçi Arena”da məğlubiyyət yaşamayıb – 1 qələbə, 1 heç-heçə.

Kubok hər iki komandanın avrokuboklara vəsiqə qazanmaq əsas hədəfidir. Çempionatda orta sıralarda qərarlaşan kollektivlərin Premyer Liqa yolu ilə avrokuboklara getmək şansları çox aşağıdır. Hər iki kollektivdə əsas məqsəd kubokdur. Xüsusilə “Sabah”da baş məşqçi Vasili Berezutskinin qarşısına qoyulan hədəf budur. Turnirə vida mütəxəssislə yolların ayrılmasına səbəb ola bilər.

Şahin Cəfərov