Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün 1/8 finalında bu gün İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“İspaniyanın bərpa olunmaq üçün daha çox vaxtı oldu. Buna baxmayaraq, biz də sağlamıq və meydana çıxmağı səbirsizliklə gözləyirik. Düzdür, İspaniya indiki məqamda turnirin ən yaxşı komandasıdır. Lakin fərqli atmosfer və mühit olacaq. Matçda hər şey mümkündür.
Yalnız müdafiəni düşünsək, uğur qazana bilmərik. Portuqaliya ilə oyunun sürpriz olmadığını göstərmək istəyirik.
Seçmə mərhələdə İspaniyaya 1:7 hesabıyla uduzduq. Çətin anlar idi, amma bəzən belə oyunlara ehtiyac var. Onlarsız böyük nəticələr əldə etmək mümkün deyil”.
İspaniya – Gürcüstan oyunu saat 23:00-da start götürəcək.