“Sabah” Premyer Liqanın XIV turunda “Turan Tovuz”la heç-heçə edib – 1:1. “Bayquşlar” çempionatda ardıcıl yeddi oyundur, qələbə qazana bilmir.
Komandanın müdafiəçisi Con İrasabal “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Rəqiblərimizdən daha çox topa sahib olur, şanslar yaradırıq. Buna baxmayaraq, nəticə istədiyimiz kimi olmur. Düşünürəm ki, xal itirdiyimiz oyunlarda rəqiblər bizdən üstün olmayıb. Lakin son zərbələrdə daha aqressiv olmalı və müdafiədə etibarlı çıxış etməliyik”.
“Sabah” 14 turdan sonra 19 xalla 5-ci sıradadır. Üçüncü yerdəki “Turan Tovuz”la 8 xallıq fərq var. İrasabal avrokubok mübarizəsindən geri çəkilməyəcəklərini bildirdi:
“Vəziyyəti hələ bərpa etmək üçün hələ vaxtımız var. Aydındır ki, indi daha çətin vəziyyətdəyik, amma geridönüş etmək üçün vaxtımız var. Növbəti oyunlarda qələbə qazanaraq, avrokubok zonasına qalxmaq istəyirik. Maraqlı çempionat keçir və istənilən an vəziyyət dəyişə bilər. Ona görə oynamalı və işimizi davam etdirməliyik. Nəticələrimizin yaxşılaşması üçün müəyyən işlər görməliyik”.
Şahin Cəfərov