“Xal fərqi çox olsaydı…” – Kərimov

Azərbaycan I Liqasının XXI turu çərçivəsində “Şamaxı” səfərdə “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub olub.

Qalib komandanın qapıçılar üzrə məşqçisi Elnar Kərimov “FutbolPress“ə açıqlamasında oyun haqda fikirlərini dedi:

“Biz qapıçıların hazırlıqlarına nəzarət edirik. Həqiqətən də hər üç qapıçımız olduqca güclüdür. Əziyyət çəkirlər. Oyunun ciddiliyini dərk edirdik. Rəqib xal fərqində bizdən öndə idi. Matçın gedişində hesabda geriyə düşməyimizə baxmayaraq rəqib meydançasında qələbə qazanmaq xoşdur. Son turda “Araz Saatlı”nı məğlub etdikdən sonra çempionluğumuz rəsmiləşəcək. Matça yaxşı hazırlamışdıq. Əsas odur ki, qalib gəldik”.

Mütəxəssis komandasının əzmkarlıq göstərdiyini qeyd etdi:

“Əgər aramızda xal fərqi çox olsaydı, bəlkə də bu qədər ciddi mübarizə aparmazdıq. Rəqibi çox analiz etmişdik, bilirdik ki, rəqib xal itirmək potensialındadır. Çempion olmaq istəyən komanda əzmkarlıq göstərərək belə rəqiblərə qalib gəlməlidir. Kim daha çox əzmkarlıq göstərirsə, qalib də o olur”.

Şahin Cəfərov