Xal da yoxdur, qol da

“Kəpəz” Azərbaycan Premyer Liqasında 4 turdan sonra xalsızdır. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv xal bir yana, bu görüşlərdə heç qol da vura bilməyib.

Gəncə təmsilçisi sıra ilə “Sumqayıt”, “Qarabağ”, “Turan Tovuz” və “Səbail”ə məğlub olub. Gedişat Şükürovun ayrılığına doğrudur.

Son illərdə “Kəpəz”də mövsümün əvvəlində baş məşqçi dəyişikliyi ənənəsi var və indiki durum ayrılığın yaxın olduğunu göstərir. Hər bir halda, Şükürov komandada qalacağını və “Kəpəz”i dirçəldəcəyini söyləyir… Yekunu zaman göstərəcək.

“Kəpəz” Premyer Liqada büdcəsi ən aşağı olan komandadır. Gəncə təmsilçisi sponsor sarıdan əziyyət çəkir və bu, nəticələrə təsirsiz də ötüşmür. Komanda transfer çalışmalarında yubanır, aşağı məbləğə gələnlər isə ölkəsinin az qalan həvəskar səviyyədə olan liqalarındandır. Azərbaycanın köklü klubunun bir neçə ildə belə vəziyyətə düşməsi anlaşılmazdır. Demək olar, aşağı liqada belə iddialı olanlar sponsor tapa bilir, amma “Kəpəz” bu problemi yaşamaqdadır.

Komandaya demək olar, inam yoxdur. Bu mövsüm elitanı tərk etməyə də ən böyük namizəd məhz “Kəpəz”dir. Düzdür, mövsüm yeni başlayıb, ancaq indidən itirlən xallar gələcəkdə baha başa gələ bilər.

“Kəpəz”in növbəti rəqibi son turların uğurlu komandası “Sabah” olacaq. Mümkün vəziyyət “sarı-göylər”in durumunu daha çətinləşdirə bilər.

Kamil Əhməd