Azərbaycan Premyer Liqasının son iki turunda bəzi oyunlarda VAR-a əcnəbi hakimlər rəhbərlik edəcək.
AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov “FutbolPress”ə açıqlamasında bunun müsbət hal olmadığını qeyd etdi:
“VAR mütəxəssislərinin xaricdən dəvət olunması yaxşı hal deyil. Lakin Hakimlər Komitəsinin hansı vəziyyətdə olduğunu nəzərə alsaq, düşünürəm ki, lazımlı qərar idi. Barış Şişmək VAR mütəxəssisidir. Onu ölkəyə gətirdilər ki, Azərbaycanda VAR inkişaf etsin, lakin vəziyyət fərqli oldu. Barış Şimşək bununla öz işinə qiymət verdi. Sentyabrdan deyirəm, hakimlərimiz işlərinə hazır deyillər. Çempionatın sonudur və qarşılaşdığımız mənzərə ortadadır. Baxın, nadir hallarda VAR-a ehtiyac olmalıdır. Lakin bizdə hər qoldan sonra VAR-a baxılır. Bu, gülüncdür”.
Məmmədov yerli mütəxəssislərə şans yaradılmasının vacibliyini vurğuladı:
“Bəzi ölkələr VAR-dan imtina etməyə başlayıb. İngiltərə VAR-dan imtina məsələsini səsverməyə çıxarılacaq. Vəziyyət olduqca bərbaddır. Hakimliyin indiki problemləri köhnə rəhbərlikdən qalıb. Yeni rəhbərlik obyektivliyi qorumaq üçün belə yollara əl atır. Onlar problemləri görürlər. Yəqin ki, növbəti mövsüm üçün dəyişiklik olacaq. Öz mütəxəssislərimizə imkan yaradılmalıdır. İki dəfə dəyişiklik oldu, amma ortada real nəticə yoxdur”.
Məlik Məlikov