AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek vəzifəsindən ayrılıb. Mütəxəssisin müddəti başa çatan müqaviləsi uzadılmayıb (Report).
Hakimlər Komitəsinin keçmiş sədri Xəqani Məmmədov “FutbolPress“ə açıqlamasında Şimşekin göndərilməsi qərarını şərh etdi:
“Müqaviləsinin uzadılmayacağını bilirdim. Doğru, hətta gecikmiş qərar oldu. Onunla yollar daha tez ayrılmalı idi”.
Məmmədov türkiyəli keçmiş referinin fəaliyyəti dövrünü dəyərləndirdi:
“Barışın fəaliyyətində müsbət nəsə görmədim. VAR mütəxəssisi olsa da, nəyisə dəyişə bilmədi. Hakimlərin sayı azaldıldı. İdarəçilik bərbad vəziyyətdə oldu. Nə deyim? Barış Şimşek, ondan əvvəl Frits Ştuxlik hakimliyimizə müsbət rəng qata bilmədi. Mən komitədən ayrılanda 350 hakim var idi, indi hamısı qıtlıqdan danışır. Nə üçün? Hakimlər hara yoxa çıxdı? Bir imtahandan kəsilən referinin “qələmini qırdılar”. Bəs onlara kim şans verməli idi? Oyunlarda idarəçilik pis vəziyyətdə idi. Buna arxa duran da çıxmadı. Ümumiyyətlə, Barış Şimşekin fəaliyyəti dövründə müsbət nəsə görmədim”.
Xəqani Məmmədov komitəyə yeni rəhbərin yerlilərdə olmasının tərəfdarı olduğunu bildirdi. O, özü istəməsə də, başqa bir yerli funksionerin bu işə gətirilməsinin vacibliyini vurğuladı:
“Əcnəbi gələcəksə, heç nə. Əvvəlkilər nəyi dəyişdi ki, gələn nə edəcək? Mən özüm də gəlmək istəmərəm. Çünki Azərbaycan hakimliyini elə vəziyyətə salıblar ki, gərək 10 il vaxtın ola, nələrisə düzəldəsən. Azərbaycanlı birinin bu vəzifəyə gətirilməsi daha yaxşıdır ki, mentaliteti, problemin kökünü bilir. Amma əcnəbiyə nə lazımdır? Gəlsin, qazansın getsin. Mən fəaliyyətim dövründə hər gün işləyirdim, istirahətim olmurdu. Amma Barışa baxırdın, gündə bir ölkədədir. Nə vaxt işlədi? Problemlər, suallar çoxdur. Ona görə də, əcnəbidənsə, yerli funksioner gətirmək lazımdır”.
Barış Şimşek 2022-ci ildə Hakimlər Komitəsinə sədr təyin olunmuşdu.
Şahin Cəfərov