“Böyük faciədir, bu xəbəri eşidəndə şoka düşdüm. Qəzalardan heç kim sığortalanmayıb”.
Futbolpress.az xəbər verir ki, bunu “Kəpəz”in kapitanı Yeqor Xvalko AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Belaruslu futbolçu hadisənin onun üçün də çox kədərli olduğunu deyib:
“Hamımız insanıq, bir gün öncə özüm təyyarə ilə Bakıdan vətənə dönmüşəm. Hava nəqliyyatından istifadə etmişəm. Bu hadisə hər birimizin başına gələ bilər. İstəyimiz gələcəkdə belə qəzaların baş verməməsidir. Xoşbəxtlikdən digər sərnişin daşınma növləri ilə müqayisədə təyyarələrin qəzaya uğraması nadir haldı. Amma yenə də kədərlidi. İnsanlar həyatını itirirlər. Tez-tez təyyarədən yararlananan biri kimi deyə bilərəm ki, uçuşlar mənim üçün stressdir. Hadisə zamanı həlak olanların doğmalarına başsağlığı verirəm, yaralıların tezliklə ayağa qalxmasını arzulayıram”.
27 yaşlı müdafiəçi qəza ilə bağlı sosial şəbəkədəki səhifəsində post paylaşıb, dəstəyini ifadə edib:
“Hazırda əlimdən gələn budur, hamımız sağ qalanlar üçün dua edirik. Biz mənəvi dəstəyimizlə bu ağır hadisənin qurbanları olan insanların yaxınlarına, yaralılara kömək edə bilərik. Öyrənmişəm ki, həlak olanlar, yaralılar arasında bizim Gəncədən olanlar da var”.