Vicdanına atılmış təpik…

“Turan Tovuz” – “Araz Naxçıvan”a 1:2 hesabıyla uduzdu. Kurban Berdiyevin açıqlaması diqqətimi çəkdi:

“Rəqib qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Bundan nəticələr çıxarmalıyıq”.

Nə 6 tur liderlik kürsüsündə olanda özünü öydü, nə də gözlənilməz məğlubiyyətdən yaxasını çəkdi.

Açıqlamalardakı məntiqilik, erudisiya, səmimiyyət, bir sözlə, səviyyə – Berdiyevə rəğbətin səbəbidir.

“Turan Tovuz” simpatik addımlar atıb, fərqli klub olmaq yolunda irəliləyir. Azərbaycan futbolu üçün bu tip keyslər mühüm əhəmiyyətlidir.

Ancaq dünənki hakimlik futbolun püxtələşməsinə zərbədir. Və nə pis ki, “Turan Tovuz” qismində pozitiv fərqliliyə qarşı baş verir pisliklər.

Matçın 14-cü dəqiqəsində Ramon Maçado Roderik Millerin təxminən taekvondo təpiyi ilə sifətini darmadağın edəcəkdi, baş hakim Elçin Məsiyev “qırmızı” göstərmədi.

Ötən tur da “Sabah”a künc zərbəsindən vurulan qol yan xətt hakim Akif Əmrəlinin lazer baxışları sayəsində sayılmamışdı.

Azərbaycan futbolundan bərəkətin çəkilməsi bu cür şərəfsiz hərəkətlərin ucbatındandır.

Həyasızlığın apogeyində bərq vuran bu qövmə sübut da eləmək olmur – qərəzli, bilərəkdən bu qələtləri qılıblar, qılırlar, qılacaqlar da…

Şəbəkənizin kimyəvi tərkibinə tüpürüb, tərkibini pozasan!

Haqqı yeyilmiş klubların “qəbiristanlığında” çirkin niyyətinizə fatihə oxunsun. Bu ölkədə futbol olacaq. VAR-yoxunuzla ən pis yola düzülsəniz də. Bunu istəyənlər və bacaranlar sizin vayınıza oturub, futbol industriyasından rədd edəcək. İdmanın ilahi ədaləti göstərib, göstərəcək də…

Elçin Cəlilov