Veteran futbolçu: “Millidə özbaşınalıq olmaz”

Azərbaycan millisi UEFA Millətlər Liqasının I turunda İsveçə uduzub – 1:3.

Veteran futbolçu Yunis Hüseynov “FutbolPress”ə açıqlamasında məğlubiyyətlə bağlı fikirlərini bölüşdü:

“Milli pis təsir bağışlamadı. Yaxşı başlamışdılar, birinci hissədə kifayət qədər şanslar var idi, ancaq alınmadı. İlk hissənin sonunda penaltinin uğursuz olması nəticəyə nətic etdi. Bundan sonra ruh düşkünlüyü oldu uşaqlarda. Fasilədən sonra da müdafiədəki boşluqlar hesabın belə olmasına gətirib çıxardı. İlk oyundur, hələ nəsə demək olmaz”.

Hüseynov penalti epizodunda Ramilin topu almasının düzgün olmadığını və onunla bağlı tədbir görülməyinin vacibliyini vurğuladı:

“Penaltini Ramilin niyə vurmaq istəməsini başa düşmədim. Oyundan əvvəl baş məşqçi standart vəziyyətləri kimin vuracağını təyin edir. Santuş konfransda da deyib ki, Emina tapşırmışdım. Ramilin vurması düzgün deyildi, səhv etdi. Onunla bağlı tədbir görülməlidir. Millidə özbaşınalıq olmaz. Emin Mahmudov kapitandır və penaltini o vurmalı idi. Onun da Ramilə topu verməsi düzgün deyildi. Gərək özü vurardı, bəlkə də, qol olsaydı, hesab fərqli olardı”.

Azərbaycan yığması növbəti görüşünü sentyabrın 8-də Slovakiyaya qarşı keçirəcək. Mütəxəssis bu görüşdən gözləntilərini bölüşdü:

“Slovakiyanın Estoniya ilə matçına baxdım. Çoxsaylıq qol epizodları yarada bilən komandadır. Milli üçün çətin olacaq. Oynamaq olar, Slovakiya dəhşət güclü komanda deyil, amma müdafiədəki problemlər həll edilməlidir. Hücumda yaxşıdırlar və bizim üçün çətin olacaq”.

Şahin Cəfərov