Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi gündəmdədir. Məsələ ilə bağlı AFFA İcraiyyə Komitəsi yaxın zamanda qərarını verəcək.
Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov “FutbolPress”ə açıqlamasında mövzu haqda fikirlərini bölüşdü:
“Gələn mövsüm legioner limitinin ləğv olunacağı ilə bağlı mətbuatdan oxudum. Limit ləğv olunarsa, bunun ola biləcək mənfi və müsbət məqamlarını nəzərə almaq lazımdır. Milli baxımından yanaşsaq, yığmanın birmənalı şəkildə zəifləyəcəyini düşünürəm. Limit ləğv olunsa, yerli futbolçular xaricə üz tutmağa başlayacaq. Onu da nəzərə alaq ki, bizim oyunçuların xaric klublarda şans qazanmaq ehtimalı azdır. Son illərdə “Qarabağ”dan gedənləri çıxmaqla digərlərinin performansı aşağı olub. Limitin ləğvi zamanı hansısa şərtlər olmasa, daha mənfi məqamlar olacaq. Bu, futbolun inkişafına təsir edəcək. Amma klublar yüksək səviyyəli legionerlərə üstünlük versə, çempionatın da səviyyəsi qalxacaq. Bundan əlavə, limit ləğv olunacaqsa, Premyer Liqada klub sayı artırılmalıdır. Onda ortabab və ya perspektiv vəd edən uşaqlar klubsuz qalmayacaq”.
Mütəxəssis limitin 8+3 olmasının tərəfdarı olduğunu qeyd etdi:
“Mən limitin 8+3 olmasının tərəfdarıyam. Buna baxmayaraq, veriləcək hansısa qərarın necə təsir edəcəyini zaman göstərəcək”.
Şahin Cəfərov