“Şamaxı” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. 2022/23 mövsümünün yekununda I Liqaya yuvarlanan komanda bir illik fasilənin ardından yenidən Premyer Liqada mübarizə aparacaq.
“Şamaxı”nın elitanı tərk etməsi komandanın aşağı yaş qruplarına da təsirsiz ötüşməyib. Bununla bağlı klubun əvəzedici komandasının baş məşqçisi Məqsəd Yaqubəliyevlə danışdıq. Mütəxəssis I Liqada çıxış etməyin akademiyaya təsirindən söz açdı:
“Bildiyiniz kimi, “Şamaxı” üç mövsümdür, bölgəyə köçüb. Ötən mövsüm komanda I Liqada mübarizə apardı. Avtomatik akademiyanın tam yaxşı işləməməsinə səbəb oldu. Çünki əksər qruplarımız məcburiyyətdən dağıldı və 15, 16 yaşa qədər olan komandalar Şamaxıda qaldı. İndi elitaya yüksəlmişik və bəzi komandalarımız bərpa olunacaq. 17 yaşa kimi bütün komandalarımız var. Vəli Qasımovun rəhbərliyi altında hər komandada işlər gedir. Yüksək səviyyədə komandalarımızın olduğunu deməzdim, amma burada olan potensiallı uşaqların kəmiyyəti istədiyimiz qədər deyil. Əvəzedicilər və U-19 məcburiyyətdən Bakıda məskunlaşmışdı”.
Həmsöbhətim komandanın elitaya yüksəlməsiylə bəzi işlərin yenidən başlandığını əlavə etdi. O, əvəzedici və U-19-un sıfırdan yığılacağını söylədi:
“İndi burada yenidən bu iki komandanı quracağıq. İşlərə təzə başlamışıq. Çalışacağıq, qısa müddətdə gücümüz çatanı edək. Digər komandalardan oyunçular götürməliyik. Seleksiya işlərimiz də gedir və istəyirik ki, ortaya yaxşı iş çıxaraq. Çətinliyimiz olsa da, sonradan daha yaxşı olacağımıza inanıram. Ötən il I Liqada olduğumuzçün əvəzedicilər və U-19 fəaliyyətini dayandırdı. Bütün oyunçularımız demək olar, digər klublara keçdilər. Yetirmələrimiz artıq başqa komandaların üzvləridir və onları geri qaytarmaqda çətinlik çəkirik. Çünki müqavilələri var və qayıdışları asan deyil. Əsas komandanın elitanı tərk etməsi bizə çox təsir etdi”.
Uzun müddət keçmiş “Bakı” Futbol Akademiyasında çalışan mütəxəssis Azərbaycanın uşaq futbolunun durumundan söz açdı:
“Son illərdə akademiyaya böyük diqqət ayırmışıq. Fəaliyyətə daim nəzarət etməyə çalışmışam. İrəliləyişi bir neçə il əvvəllə müqayisə edəndə görə bilərik. 10-15 il öncəyə qayıdanda görürük ki, müsbət mənada ciddi irəliləyiş yoxdur. Bu gün hansısa gənc oyunçumuz akademiyadan çıxıb, milli komandalarda özlərini göstərmək, legioner həyatı yaşamaq kimi variantları olmayıb. Belə oyunçumuz yoxdur. Bu gün akademiyada demək olar, uşaqlar xaricə üz tuta, beynəlxalq turnirlərə gedə bilmir. Açığı, ciddi irəliləyiş görünmür”.
Akademiyalardakı problemlərdən danışan Məqsəd bəy əsas çatışmazlıqları dilə gətirdi:
Akademiyalarda böyük problemlər var. Premyer Liqadakı klubların əksəri Bakıda məskunlaşırlar. Onların da stadion kimi problemləri var. Uşaqlar həm təhsil alır, mən futbol oynayırlar. Onların bu məsələsini də tənzimləmək olmur. Meydançaların qıtlığı da çox təsir göstərir. Bir meydança bir neçə klub tərəfindən yüklənir. Bunlar inkişafa mane olan səbəblərdəndir.
Aşağı yaş qruplarında işləyən məşqçilərin keyfiyyətinə söz demək istəmirəm, amma akademiyada işləyən ilə Premyer Liqada çalışanın məvacibində böyük fərqlər var. Aşağı yaş qruplarında çalışanlar bəzən əlavə işlərlə də məşğul olur. Bu zaman artıq məşqçinin də fikri yayınır. Bunu hər kluba şamil etmirəm. Hamı ailəsini dolandırmaq istəyir, artıq ikinci iş məcburiyyət kimi olur”.
Futbol mütəxəssisi uşaq futbolundakı problemlərin həll yollarından da söz açdı:
“Hər sahədə çıxış yolu var. Burda da hər klubda şərait olmaları, meydançalar artmalıdır. Ən çox “Bakı” Futbol Akademiyasında işləmişəm. Necə keyfiyyətli stadionların sayı, aşağı yaş qruplarının beynəlxalq turnirlərə getməsi, uşaqların xaricdə təcrübə keçməsinin faydalarını görmüşük. İndi nə qədər stadionlar məhv edilib. Söküb, yerində başqa obyektlər tikirlər. Bu zaman nə inkişafdan danışmaq olar? Çıxış yolları var, amma çətindir. Olanı verib, yol axtarırsansa, problemlərdən danışmağa davam edəcəyik. Buna baxmayaraq, yaxşı olacağına inanıram, amma yaxın zamanda yox”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.