Azərbaycan millisi UEFA Millətlər Liqasında iki turu xalsız başa vurdu. Komanda əvvəlcə İsveçə (1:3), daha sonra isə Slovakiyaya (0:2) məğlub oldu.
Millinin sabiq futbolçusu Ramal Hüseynov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:
“Milli haqda çox şey danışmaq olar, lakin… Onu deyə bilərəm ki, komanda uduza bilər, burda qəbahət yoxdur, amma oynamaq lazımdır. Bizim komanda hələ nə oynadığını bilmir. Bu gedişlə nəyəsə nail olmaq olmaz. Futbolda olan biri kimi artıq bizim yığmanın oyunlarına baxa bilmirəm”.
Veteran oyunçu məğlubiyyətlərdə baş məşqçi Fernandu Santuşun da payı olduğunu söylədi:
“Məğlubiyyət varsa, baş məşqçi həmişə günahkardır. Hər zaman demişəm ki, bizim yığmaya yerli məşqçidir. Əcnəbilərə verilən şans yerlilərə də verilməlidir. Bəlkə, onda yavaş-yavaş nələrsə düzələ. Komandada intizam yoxdur. Hələ bilmirik ki, penaltini kim vurur. Balaca problemdir, amma görürsünüz ki, böyük nəticəyə gətirib çıxarır. Həm Ramil Şeydayev, həm Emin Mahmudov yaxşı futbolçudur. Ancaq bu davranış biabırçılıqdır, onların da artıq performanslarında eniş var”.
Hüseynov aşağı yaş qrupları üzrə milli komandaların qeyri-qənaətbəxş nəticələrinə də toxundu:
“Aşağı yaş qruplarında vəziyyət daha pisdir. Bilirsiz, bizdə aşağı yaş qrupu deyə bir şey yoxdur, sadəcə gözdən pərdə asırlar ki, hər şey yaxşıdır. Əvvəl “Bakı”nın akademiyası var idi, nə qədər uşaq çıxdı. Amma indi o da yoxdur. Aşağı yaş qruplarında vəziyyət daha acınacaqlıdır. 17 yaşlı uşaqlar çempionat oyununa matç günü gedir. Nə üçün? Bu uşaq 7 saat yol gedirsə, necə futbol oynayacaq? Veteran futbolçular nə üçün bu məsələlərə qarışmır? AFFA-da nə qədər veteranlar var, bu problemlər niyə həll edilmir? Bu uşaqlar bizim gələcəyimizdir… AFFA futbola cavabdeh qurumdur, ancaq problemlər həll edilmir. Gözləyirlər ki, ay sonu gəlsin və kartlarına pul gəlsin. Onlar üçün maraqlı olan budur. Mən həmişə sözümü demişəm, ona görə istəmədilər məni. Deyiləsi çox şey var, sadəcə adam çox danışmaq istəmir. Hamı bilir ki, kim harda necə işləyir…”
Şahin Cəfərov