“Vaxtında başa düşdük ki, davranışımızı dəyişməliyik”

Azərbaycan Premyer Liqasının V Turunun “Kəpəz” – “Sabah” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyuna çox pis başladıq. İlk 15 dəqiqə və rəqibin ikinci qoluna qədər sanki həyəcandaydıq. Bundan sonra isə öz oyunumuza qayıtdıq və geridönüş etdik. İki fərqli hissə oldu, birinci hissədə pis, ikincidə mükəmməl oynadıq.

– Müdafiə və hücumda balans olmadığı görünür. Bunu nə ilə əlaqələndirirsiniz?

– Bilirdik rəqib necə oynayacaq. Buna qarşı hazırlaşmışdıq. Meydanda hər situasiyaya düzgün yanaşmaq lazımdır. Futbolçu gözləyir ki, komanda yoldaşım mənim yerimə hərəkət edəcək. Buna görə də 2 qol buraxdıq. Amma vaxtında başa düşdük ki, davranışımızı dəyişməliyik. Qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik. Bu, bizim üçün yaxşı dərs oldu.

– Komanda avrokuboklardakı uğursuzluqdan sonra yaşanan psixoloji enişdən çıxa bilib?

– Əlbəttə ki, qələbələr bizi psixoloji gərginlikdən çıxarır. Bu, bütün komandalarda belədir, “Real”da da, “Sabah”da da.

– Müdafiədə problemlər var. Fasilə bu problemlərin həll olunmasına kömək olacaq?

– Bəli, ola bilər. Amma buraxdığımızdan daha çox qollar vurmuşuq. Bu, müdafiədəki məsuliyyətdən irəli gəlir. Nə qədər arxayın olsalar, qollar buraxacağıq. Müdafiəçilər oyuna daha yaxşı köklənməlidir. Süni örtükdə oynamaq asan deyil. Bütün komandalar təbii örtükdən süniyə keçəndə çətinlik yaşayır.

Şahin Cəfərov