Bu gün AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlandı.
AFFA tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunmuş və rəylər toplanmışdı.
Qurum qarşıda duran 5 hədəfi müəyyən edib. Bunlar aşağıdakılardır:
• Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan
ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu
strategiyanın uzunmüddətli hədəflərindəndir
• UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-
yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub
• Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı
futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının
yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması
• Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların
Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün
rəqabətqabiliyyətliliyini təmin etmək
• Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.
AFFA İcraiyyə Komiyyə Komitəsinin sabiq üzvü Vaqif Sadıqov “FutbolPress”ə açıqlama verərək, seçilən hədəflərlə bağlı fikirlərini bölüşdü:
“Böyük hədəflər seçilib. Ona da çatmaq üçün görülən işlərdən çox şey asılıdır. Hər birimizin niyyəti düzgün olmalıdır və bu sahədə çalışan hər kəs əlini daşın altına qoymalıdır. Bu hədəflər elə-belə seçilməyib. Bunun üçün zamana ehtiyac var. 30 ildən çoxdur ki, futbolla məşğuluq, amma ilk “100-lüy”ə 1-2 dəfə düşmüşük. İndi düşünün ki, ilk “75-liy”ə girmək üçün nə qədər işlər görülməlidir. Bundan başqa yerli futbolçularımızın xaricə çıxışını təmin etmək üçün onların səviyyəsini artırmalıyıq. Bütün bunlar kompleks şəkildə görüləsi işlərdir və zəncirvari bir-biriylə bağlıdır. Uzun zaman və işə peşəkar yanaşmaqla bunlara nail olmaq olar. Yenə deyirəm, bunlar ciddi hədəflərdir. Ancaq ciddi və məsuliyyətli şəkildə yanaşma ilə nəticə əldə etmək olar. Hər kəsin niyyətinin bir olması vacib məqamdır”.
Mirkamal Kazım