Vaqif Cavadov: “Transfer tək məndən asılı deyil”

Azərbaycan Premyer Liqasının XIX turunun “Sumqayıt” – “Səbail” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çətin oyun oldu. Rəqib bizdən daha istəkli idi və buna görə qələbə qazandı. Şanslarımızdan istifadə edə bilmədik. Rəqib bunu yaxşı bacardı və qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçulara təkliflər var. Transfer dönəmi bitməyib deyə bunlar bəzi oyunçulara təsirsiz ötüşmür. Yenə də futbolçulara təşəkkür edirəm. Hələ heç nə itirməmişik.

– Hansı mövqelərə transfer düşünürsüz?
– Gedənlər çoxdur, gələnlər də olacaq. İndi transfer dönəmidir və söhbətlər oyunçulara təsir edir. Belə anda oyuna köklənmək çətin olur. Heyət baxımından problemlər var. Gileylənmirəm. İndi kimsə harasa getmir. Yolumuza davam edəcəyik. Hücuma iki futbolçu düşünürük.

– Gecikdiyinizi düşünmürsüz?
– Gecikirik, amma məndən asılı bir şey deyil. Rəhbərlik də yaxşı transfer üçün çalışır. Bu gün bir hücumçu Bakıya enəcək. İstəmirik ki transfer xətrinə transfer edək. Yaxşı futbolçunu Bakıya gətirmək çətindir. Yaxşı oyunçu tapmışıq, onu növbəti oyuna çatdırmağa çalışacağıq.

– Rövlan transfer söhbətlərinə görə ehtiyatda idi?
– Xeyr. Sadəcə Sərtan məşqlərdə daha yaxşı göründü.

– Səbuhi ehtiyatda idi. Miloş və Nimeli də heyətdə deyildi…
– Miloşun ailəvi problemləri var. Nimeli isə zədələnib. Səbuhini ikinci hissədə meydana buraxdıq. Kimlərisə ehtiyatda saxlamağım onların performansı ilə bağlıdır. Heyət kasad olsa da, heç vaxt gileylənməyəcəm.

– İtkilər komandanın oyununa təsir edir. Bunlar fonunda bir transfer az deyil?
– Azı 2 futbolçu istəyirik. Transfer tək məndən asılı deyil. Rəhbərlik də istəyir, sadəcə transferi ad üçün yox, komandaya kömək etməsi üçün istəyirik.

– Vüqar Mustafayevlə bağlı problem var?
– Xeyr. Kapitanımızdır. Heç bir futbolçu ilə problemimiz yoxdur. Oyundan sonra da vəziyyəti başa düşdü.

Şahin Cəfərov