Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:0) sonra qonaq komandanın məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Komandanı yeni götürsəm də, “Neftçi” hər zaman “Neftçi”dir. Bu komandaya qarşı oynamaq hər oyunçu üçün zövqdur. Həm dəyəri, həm karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdi. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən zəif deyilik. Komandamız futbol oynaya bilir. Bu qələbə bizi irəli aparacaq. Eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq.
– Samir Abasov deyir ki ,”Sumqayıt” dəyişməyib. Həqiqətən, belədir?
– Məncə, Samir müəllimin dediyinə siz cavab versəniz düzgün olar. Mənim danışmağım doğru olmaz.
– “Neftçi” sizə yaxın komandadır. Final fitindən sonra hansı hisslər keçirdiniz? Rəhmətlik atanız, əminiz “Neftçi”li olub…
– Ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bu günü görərdi. Karyeram boyunca yenə necə yanımda olmuşdusa, indi də sevinərdi. “Neftçi”li olsaq da, buna sevinərdi. Şükürlər olsun, qələbə qazandıq. Bu qələbəni ona həsr edirəm. Atamın üzərində böyük əməyi olub. Bu qələbəni ona həsr edirəm.
– Oyunda motivasiya rolunu oynayan nə oldu?
– Bu oyuna hazırlaşanda “Neftçi”ni əsas götürürdük, hansısa simanı yox. Yaxşı komandaya qarşı oynadıq və qələbə qazanmaq istəyirdik. “Neftçi”nin gücünü bilirdik və sübut etmək istəyirdik ki, zəif deyilik. Bu futbolçularla da oynamağın mümkün olduğunu göstərdik.
– Oyunçular arasında bu oyuna xüsusi motivasiya var idi? Çünki rəqib baş məşqçi burdan gedib…
– Bütün oyunlara necə hazırlaşdıqsa, bu gün də belə oldu. “Neftçi” hər zamanki komandadır. İstər son sıralarda olsun, istər irəlidə. Onlara uğurlar arzu edirəm. İstərdim ki, bu klubu yuxarı sıralarda görək.
– Digər rəqiblərdən fərqli olaraq bu gün “Neftçi”yə qarşı fərqli taktika oldu?
– Son oyunlarımızda eyni taktika ilə oynamışıq. Sadəcə bu gün istək bir az çox idi.
– Hiss olunur ki, komandanı çox önə çıxarırsınız. İndiki oyunçular bunun öhdəsindən istədiyiniz kimi gəlir? Maraqlıdır, qarşıda qış fasiləsi var. İstədiyiniz adlar var?
– İndi bu haqda düşünmürəm. Materiallar toplanır. Hər oyun maksimum nəticə üçün çalışırıq. Qışda fasilə olacaq və futbolçularla bağlı düşünməyə vaxt yaranacaq. İndiki heyəti qorumağa çalışacam.
– Klub prezidenti olsaydınız, 7 oyunda 4 qələbə qazanan baş məşqçinin üzərindən müvəqqəti sözünü götürüb, daimi edərdiniz?
– Bu, mənə aid sual deyil. Məşqçi kimi “Sumqayıt”ın yetirməsiyəm. Aşağı yaş qruplarından bura qədər gəlmişəm. Rəhbərlik sağ olsun, mənə inandılar və baş məşqçi qoydular. Sabah desələr ki, təşəkkür edirəm və başqa seçimimiz var, bir şey olmayacaq.
Şahin Cəfərov