“Forza Neftçi”nin küsməkliyi
Paylaş:
Gündəmdə yenə “Neftçi”di. Avropa Liqasında iki mərhələ keçib, üçüncüdə dayanan, Tula “Arsenal”ı ilə oyunlarda ideala yaxın çıxış edən, İsrail “Bney Yehuda”sına iki matçın cəmində yenilən – əslində, pis avokubok mövsümü keçirməyən “ağ-qaralar”.
Roberto Bordinin komandası Premyer Liqaya xal itkisi ilə başladı. “Sabah”la I tur oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşdı. Bunu çempionluğa oynayan komanda üçün, bəlkə də, uğursuzluq, pis start saymaq olar. Təbii ki, rəqibin gücünü, avrokuboka vəsiqə məqsədli, medallara iddialı olduğunu nəzərə almasaq. Üsətlik, “Bney Yehuda”ya qarşı heç bir fərqlilik edə bilməyən, haqlı tənqidlərə məruz qalan və psixoloji gərginlik keçirən, təzyiq altında olan “flaqman”ın mövcud ruh halını da qeyd etmədən keçmək olmaz.
“Sabah”la oyunun ilk hissəsinin ortalarında başda “Neftçimania” azarkeş qrupu olmaqla, bir hissə klub rəhbərliyini, baş məşqçi Roberto Bordini istefaya səsləməyə başladı. Anlaşılan deyildi, axı həmin zaman hesab hələ 0:0, meydanda daha üstün görünən isə “Neftçi” idi. Digər tərəfdən, “Bney Yehuda”ya məğlubiyyət bu qədərmi faciəvidi?
“Neftçimania” hər zaman radikallığı ilə seçilib. Elə son mövsümlərdə bu qrup “Köhnə 13” adı ilə və daha az sayda tribunaya gələrkən də etiraz ocağı kimi görünürdü, problemləri də daha çox onlar yaşayırdı. Sözgedən oyunun fasiləsində isə “Neftçimania” üzvləri tribunadan kənarlaşdırıldı.
Maraqlı məqam “Neftçi”nin ən böyük azarkeş qrupu olan “Forza Neftçi”nin “İstefa” şüarlarına dəstək verməməsi idi. Onlar həmişəki kimi, bəstələr oxuyur, komandaya dəstək nümayiş etdirirdi və bu, son saniyəyə qədər belə davam etdi.
Matçdan sonra həmin şüarlarla bağlı suala Bordin cavab verdi, incik olmayan tonda fikrini bildirdi və sadəcə onu söylədi ki, biz uduzsaq, mən bu şüarları anlayaram, ancaq hesab 0:0 idi, azarkeşlər isə bizi istefaya çağırırdı. İtalyan həm də onu əlavə etdi ki, əsl azarkeşlər bizi sonadək dəstəkləyənlərdi (“Forza Neftçi”ni nəzərdə tuturdu – red.). Komandanın vitse-kapitanı Kirilo Petrov da oxşar fikirlər səsləndirib.
Gecə saatlarında “Forza Neftçi” bəyanat yaydı ki, bir müddətlik tribunadan çəkilir. Nə vaxt dönəcəkləri bəlli deyil. Səbəb isə azarkeşlərə polis müdaxiləsidi. Klubdan verilən açıqlamaya görə, bunda “Neftçi” rəhbərliyinin rolu olmayıb – səbəb “İstefa” şüarları deyil. Bildirilir ki, azarkeşlər təhqiramiz ifadələr işlətdikləri üçün polis əvvəlcə xəbərdarlıq edib, daha sonra onları tribunadan uzaqlaşdırıb.
Məsələ ilə bağlı daha ətraflı öyrənmək, azarkeşlərə tribuna vermək üçün fan-qrupun rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq. Əvvəlcə danışa bilmədiyini, daha sonra zəng etməyimizi istədi, razılaşdıq. Növbəti cəhdlərimizdə isə telefonlarımıza cavab vermədi...
Bu, “Forza Neftçi”nin tribunadan ilk gedişi, klubdan ilk küsməyi deyil. Keçən mövüm “Sabah”la səfər oyununda baş verənlərdən sonra fan-qrup tribunadan çəkildiyini açıqlamış, bir müddət sonra problem yoluna qoyulmuş və azarkeşlər yenidən sevimli komandalarını dəstəkləməyə qərar vermişdi.
Yenə oxşar hal təkrarlanır. Ancaq “ultras” sayılan azad azarkeş qrupunun hər problemdə küsməsi bir o qədər də xoş deyil. Bəli, boykot etiraz növüdü, effektiv nümunələri də az deyil, ancaq bunu etmək üçün kifayət qədər səbəb varmı? Digər tərəfdən, tribunada olmaq və etirazları orda dilə gətirmək daha effektiv olmazdımı? “Ultras” istəklərini bu üsulla reallaşdırardı...
Ya da, heç olmasa klub rəhbərliyi ilə görüşmək lazım idi. Hazırkı "Neftçi"də müsbət məqamlardan biri hər zaman azarkeşlərlə ünsiyyətdə olması, onların fikir və istəklərini nəzərə almasıdı. Bunların heç birini etməyən qrup birdən-birə və kifayət qədər əsas olmadan tribunadan çəkilmək qərarı verir.
Onsuz da “Neftçi”də işlər qaydasında deyil, “Bney Yehuda” məğlubiyyəti, israillilərlə ardıcıl iki uğursuz oyundan sonra ab-hava korlanıb. Azarkeşlərin bu cür davranışı isə komandaya yalnız ziyan verəcək. “Bney Yehuda” ilə Bakıdakı oyun yaddan çıxmayıb. Bərbad başlanğıcdan sonra məhz “Forza Neftçi”nin, “Neftçimania”nın verdiyi motivasiya, onların çılğınlığı sayəsində komanda qollar vura bilmişdi. Yenə “flaqman”ın yanında olmaq daha məntiqli və azarkeşəyaraşan olardı. Fanatlarsız elə məhz həmin çılğın azarkeşlərin sevimlisi üçün daha çətin mövsüm olacaq.
| Paylaş: