AFFA-dan mükafat açıqlaması: “Məbləğ yazılanlardan bir neçə dəfə aşağıdır”
Paylaş:
Azərbaycan millisinin UEFA Millətlər Liqasında Slovakiya (2:1) və Qazaxıstan (3:0) üzərində qələbələrindən sonra yığma üzvlərinə veriləcək mükafat müzakirə mövzusuna çevrilib.
Futbolpress.az xəbər verir ki, futbolçuların çox böyük məbləğ alacağı iddia edilir. Bəzi məlumatlara görə, bu iki oyunda komandanın start heyətində yer alan hər oyunçu bir matç üçün 35 min manat mükafat alacaq. Bu isə hər iki görüşdə start heyətdə yer alan futbolçunun ümumilikdə 70 min manata sahib çıxacaqğ deməkdir. Meydana sonradan daxil olan və ehtiyatda qalanlara isə sözügedən məbləğin müəyyən faizi nisbətində mükafat veriləcək.
Rəqəmlərin çox böyük olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İctimai reaksiyanı nəzərə alıb AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq. Assosiasiya rəsmisi saytımıza açıqlamasında futbolçulara veriləcək mükafatın məbləğinin media və sosial şəbəkələrdə qeyd olunandan bir neçə dəfə az olduğunu söylədi:
“Millimizin Slovakiya və Qazaxıstan yığmaları ilə oyunlarda qazandığı qələbələr müqabilində komanda üzvlərinə AFFA tərəfindən veriləcək mükafatın məbləği barədə müxtəlif platformalarda fikirlər səsləndirilir. Əslində, buna alışmışıq. Millinin qələbələrindən sonra dərhal mükafat söhbəti gündəmə gəlir. Platformalar müxtəlif olsa da, səslənən rəqəmlər, demək olar ki, eynidir və heç biri, əslində, həqiqəti əks etdirmir. Hər zaman mükafatın məbləğinin AFFA tərəfindən açıqlanmasını etik hesab etmədiyimizi demişik və bu dəfə də münasibətimiz fərqli deyil. Yalnız onu deyə bilərəm ki, milli üzvlərinə qələbələr müqabilində veriləcək mükafatın məbləği mediada və sosial şəbəkələrdə qeyd olunan məbləğdən xeyli, hətta deyərdim ki, bir neçə dəfə aşağıdır”.
“FutbolPress”
| Paylaş: