“Uşaqların futbolu başqadır, onların ayrı dünyası və dərketmə qabiliyyəti var”

Azərbaycanda uşaq futbolunda problemlərdən müzakirə aparılan zaman ilk növbədə klublardan narazılıq dilə gəlir. Mütəxəssislər Premyer Liqa təmsilçilərinin akademiyalara diqqət etmədiklərini, problemin buradan qaynaqlandığını bildirir. Mütəmadi olaraq klubların akademiyalarındakı son vəziyyətlə bağlı akademiya rəhbərləri ilə söhbətləşirik.

Növbəti həmsöhbətimiz bu ildən Premyer Liqada mübarizəyə qoşulan “Araz-Naxçıvan”ın akademiyasının rəhbəri Sakit Rzayev oldu. Funksioner akademiyanın son vəziyyətini açıqladı:

“Vəziyyət normaldır. Havalar soyuq olduğu üçün məşqlərimizi İlham Əliyev adına İdman Kompleksində keçiririk. 5 gün məşq olur, 6-cı gün isə uşaqlarda oyun təcrübəsi yaranmasına görə oyunlar təşkil edirik. Çatışmazlıqlardan biri aşağı yaş qrupları üzrə çempionatların keçirilməməsidir. Uşaqlar oyun təcrübəsi baxımından inkişaf etmir. Bizdə U-17, U-19 və qızlar komandası Bakıda hazırlaşır. Onlar həftəsonu çempionatlarda iştirak edirlər. Çalışdıq ki, Naxçıvanda sentyabrdan mütəmadi liqalar təşkil edək, ancaq olmadı. Naxçıvanda son 10 ildə belə durğunluq görməmişdim”.

Rzayev “Araz-Naxçıvan”ın Premyer Liqada mübarizə aparmasının akademiyaya müsbət təsirlərinin olduğunu əlavə etdi:

“2022-ci ildən Premyer Liqa üçün hazırlıqlara başlamışdıq. Akademiyada müvafiq yaş qruplarına uyğun komandalar qurduq. Hazırda 10 yaşdan 16 yaş da daxil olmaqla komandalarımız var. Şəraitimiz və infrastrukturumuz normaldır. Uzunobada təlim-məşq kompleksində həm stadiondan, həm kompleksdən istifadə edirik. Martın sonunda AFFA-nın bayrağı altında keçiriləcək yarışlara hazırlaşırıq. Komandanın Premyer Liqada olması kütləviliyi artırıb. Davamlı olacağı halda, daha çox uşaq və yeniyetmə futbola üz tutacaq”.

Uzun illərdir Naxçıvanda akademiyada fəaliyyət göstərən mütəxəssis Azərbaycanda uşaq futbolunun problemlərindən də söz açdı:

“Bu sualları çox vermişik, cavab tapmağa çalışırıq, amma axtarılan cavablar da həmin yerdə qalıb. Problemlərin harda olduğunu bilirik, amma başqa yerlərə baxırıq. Bunu kənara qoyub, klublarımızın niyə Çempionlar Liqasına gedə bilməməsinin səbəblərini axtarırıq. Millidən danışırıq, problemin kökü uşaq futboluna gəlib çıxır. Biz də problemlərin kökündə dayanırıq. Bəzən də özümüzü Avropa ilə müqayisə etməyə çalışırıq. Biz hardayıq? Harda olmalıyıq? Əvvəlcə bu sualı özümüzə verməliyik. Sürətlə böyüyən ölkəmiz, iqtisadiyyatımız var. Fərdi idman növlərində də uğur qazanırıq. Biz hədəflərə gedən yolu birlikdə müəyyən etməliyik. Əsas komandalar piramidanın zirvəsidir – həyatdır. Aşağı yaş qrupları isə uşaq futbolunun birinci daşıdır – həyat verəndir. Həyatın davamlı olmasını istəyiriksə, təməli düzgün qurmalıyıq. Əsas komandamız necədirsə, uşaq futbolumuzda odur. Və ya uşaq futbolu necədirsə, böyük futbol da elədir. Oyunlar, məşqlər eyni stadionda olur. Yaxşı bazaya ehtiyac var”.

Akademiya rəhbəri inkişaf yollarından da danışdı:

“İnkişaf qısa müddətdə ola bilməz. İnsan faktorundan bəhs edirik, 1-3 illik layihələrdən uzaq durmalıyıq. Futbol əvvəlcə topa təpik atmaqla başlayır, sonra texnikanı, taktikanı, digər bacarıqları artırmalıyıq. Uşaqların futbolu başqadır, onların ayrı dünyası və dərketmə qabiliyyəti var. Ona görə də onlar oyunlarına öz bacarıqlarını göstərməyə can atırlar. Uşaqlara əyləncəli oyunlar, məşqlər verərək həvəsləndirmək lazımdır. İlkin mərhələdə uşaqlardan fərqli şeylər istəsək, öyrətsək, o uşağı itirərik. Nəticədə itirən əvvəlcə uşaq, sonra futbolumuz olacaq. Yaxşı pedaqoq-məşqçilər hazırlayıb, onları uşaqların psixologiyası ilə məşğul olmağa yönləndirməliyik. Uşaqları futbola yox, futbolu uşaqlara görə uyğunlaşdırmaq lazımdır”.

Rzayev futbolun uşaqların fiziki tərbiyəsindəki rolundan söz açdı. O, bu məsələdə təhsilin də önəmini qeyd etdi:

“Müasir futbolu aşağı yaş qruplarından başlayaraq uşaqlara öyrətmək lazımdır. Uşaqların fiziki tərbiyəsi, onların sağlam idmançı kimi formalaşması üçün gərək yaxşı bazamız, məşqçilərimiz ola. Həmin məşqçilərin inkişaf planları olmalı, elmi əsaslara dayanan layihələri olmalıdır. Düzgün ifrastrukturun təməlində təhsil də dayanır. Avropa klubları ilə oyunlarda deyirik ki, ustalıq səviyyəmiz çatmadı. Bunun təməlində isə qabiliyyət və bacarıqlarına görə inkişaf etdirilməyən, müasir futbolun tələblərinə cavab verməyən anlayışın, strategiyanın, iş prinsiplərinin olması dayanır. Hər klubun, məşqçilərin düzgün inkişaf planı, idarəçilik sistemi, iş prinsipi olmalıdır. Futbol elmi əsaslara dayanaraq inkişaf etdirilməli, müasir oyunun detalları, onların öyrədilmə mexanizmaları bilinməlidir. Bunları akademiyalarda tətbiq etsək, inkişaf olar”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.