Uşaq futbolunun inkişafında valideyn aspekti

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsi

I YAZI

İdman və məşq uşağın inkişafının və böyüməsinin ayrılmaz prosesidi. Hər bir uşağın idmana ehtiyacı var. Fiziki fəaliyyət uşağın inkişafı üçün zəmin yaratdığından və gələcək üçün onu formalaşdıran həyat təcrübəsinə töhfə verdiyindən həyatın ilk mərhələlərində daha vacibdir.

Hər bir idman növündə uşaqların təcrübə yolu ilə öyrəndiyi bir sıra üstünlüklər və bacarıqlar vardır. Uşaqlarda müvafiq aerobik fəaliyyətlərin həyata keçirilməsi bütün sahələrdə beyin inkişafını artırdığını, stressi azaltdığını, konsentrasiyanı təşviq etdiyini və özünə inamı artırdığını göstərir. İdmanın uşaqlara akademik səviyyədə fayda verdiyi elmi faktdır.

Bu idman növləri içərisində futbol isə bu aspektdə xüsusilə fərqlənir. Futbol uşağın zehni, emosional və sosial tərəflərinə diqqət yetirən bir təməl qurur. Futbolun uşaqlar üçün öyrədə biləcəyi çox şey var: sahiblik, münaqişələrin həlli, emosional cavabların idarə edilməsi, konstruktiv tənqidi qəbul etmək, başqalarına hörmət etmək, motivasiya yaratmaq və s. Bu baxımdan futbol, aktiv həyat tərzini təşviq edir, ünsiyyət bacarıqlarını inkişaf etdirir. “Topu ötür” və ya “zərbə” tez-tez meydanda eşidilən sözlərdir, lakin əslində burda daha çox söhbət baş verir. Uşaqlar öz taktikalarını müzakirə edə və ya digər komandalar və olduqları məktəblər haqqında danışa bilərlər.

Yaxşı uşaq komandasının olması və müntəzəm oynamaq uşaqlara bacarıqlarını inkişaf etdirməyə və komandaları ilə uğurla işləməyə kömək edəcək. Onlar birlikdə kollektiv birlik olaraq necə ən təsirli ola biləcəklərini öyrənəcəklər. Komandanın bir hissəsi olmaq həm də uşaqlara sahiblənmə duyğusu verəcək və onları başqaları haqqında düşünməyə təşviq edəcək.

Müntəzəm olaraq valideynlərin uşaqları ilə vaxt keçirməsi daha dərin ünsiyyət bacarıqlarının və fiziki potensialın inkişafına təkan verir.  Uşaqlarını futbola qoyan valideynlərin böyük əksəriyyəti futbol məşqinin uşaqlarının fiziki, emosional və sosial rifahı üçün faydalı olduğu ilə razılaşır. Bəs onların hamısı uşaqlarının bir futbolçu kimi ambisiyalarının nə olduğunu bilirlərmi? Praktikanı dəstəkləməsinə baxmayaraq, çoxları bunu bilmir.

İstənilən halda, uşağın ambisiyalarının nə olduğunu bilmək onun uğurlu karyera qurmasında ilk addım olmalıdır. Çünki yalnız bundan sonra onun yalnız idman məşqində deyil, məqsədlərində dəstəklənməsi üçün lazım olan bütün addımlar atıla bilər. Demək olar ki, bütün gənc oyunçular Avropanın ən yaxşı klubuna çatmaq, Çempionlar Liqasında oynamaq və çoxlu titullar əldə etmək arzusundadırlar, amma reallıq budur ki, dünyada yalnız bir neçə oyunçu bu səviyyəyə çatmaq qabiliyyətinə malikdir. Bu məsələdə uşağın fiziki xüsusiyyətləri və məşqi ilə birlikdə valideyni tərəfindən mental və psixoloji baxımdan dəstəklənməsi vacib bir akt olmalıdır.


Joao Plantyer

Valideyn dəstəyi futbol klubunun maliyyəsi və təcrübəli məşqçilərinin olması ilə yanaşı bir futbolçunun inkişafında əsas amillərdən biridir. Bu fikri Portuqaliyanın “Sportinq” klubununun baş məşqçisi olmuş, hazırda isə uşaqlardan ibarət “NF Academy”nin direktoru olan Joao Plantyer də müdafiə edir. Təsadüfi deyil ki, məşhur futbolçuların əksəriyyətinin karyerasında valideyn faktoru əsas amil kimi ön plana çıxmışdı.

Azərbaycanda övladlarını futbola qoyan valideynlərin əksəriyyətində bu idman növünə bir peşədən daha çox əyləncə vasitəsi kimi bir baxış hakimdir. Bu baxış istər-istəməz daha sonra həmin futbolçunun gələcək karyerasına ciddi formada təsir göstərir. Bu baxış təkcə Azərbaycanda yox, digər futbolu zəif olan ölkələrdə də hakim amil kimi ön plana çıxır.  Misal üçün, 2019-cu ildə ABŞ-da keçirilən sorğuda 884 valideyndən 334-ü övladının ümumiyyətlə futbolla məşğul olmağına qadağa qoyacağını qeyd edirdi.

Bu formada valideyn-övlad münasibəti olan ölkələrdə futbol sektorunda uğurlar çox minimaldır. Valideyn-övlad sosial konstruksiyasının daha azad olduğu Qərbi Avropa dövlətlərində isə belə bir hal müşahidə edilmir. Bu səbəbdən uşaq futbolunun inkişafında valideyn amili xüsusi nəzarətə götürməli, uşaqların psixoloji dayanıqlığının artırılmasında və cəmiyyətdə futbola əyləncədən daha ziyadə peşə kimi yanaşma təşviq edilməlidir.

Tural Həmid

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.