“Uşaq futbolunda problemlər qaçılmazdır”

İdman ölkəsi hesab edilən Azərbaycanda futbol inkişaf baxımından güləş, cüdo kimi sahələrdən geri qalıb. Ölkədə bu növə kifayət qədər yatırımlar edilib, maliyyə ayrılsa da, uzun müddətdir, istənilən qarşılığı almaq mümkün deyil. Bir neçə il əvvələ qədər komanda və çempionat sayının azlığı əsas şikayət obyekti idisə, indi Region Liqası, II və I Liqa, Premyer Liqada rəqabətin artması, istər Bakı, istərsə də regionlarda futbolun canlanmasına səbəb olub. Son illərdə müşahidə olunan müsbət tendensiyanın yaxın zamanda qarşılığının olacağı şübhəsizdir. İndi isə futbolda aşağı yaşdan böyüklərə qədər hamılıqla çalışmaq, inkişaf üçün əsaslı işlərin görülməsi zəruridir.

Azərbaycan yığmasının veteran futbolçusu, İmişlidə uşaq futbolunda işləyən Ruhid Usubovla bölgədə uşaq futbolunun durumu haqda söhbətləşdik:

“Komandanın rəhbəri Kamran Eyyubovun şəxsi imkanları hesabına uşaq futboluna yatırım etməsi İmişlidə uşaqların və valideynlərinin futbola marağının artmasına səbəb olmuş və bu da gələcəkdə potensialı futbolçuların üzə çıxarılmasına ümid verir. Şəxsən Kamran müəllimin təşəbbüsü ilə mənim uşaq futboluna koordinator təyin edilməyimdə məqsəd İmişlidə uşaq futbolunu inkişaf etdiməkdir. İşlər görüldükcə inkişaf da gələcək. Canlanmanın səbəbi əsas komandanın da inkişafı, iddiasının olmasıdır. İmişlidə uzun müddət futbol olmamışdı və uşaqlar bu idmandan kənar qalırdı. Bölgəmizdə yenidən futbolun canlanması üçün çox çalışdıq. Belə deyim, valideynlər də görürdü ki, İmişlidə futbol yoxdur və ürəklə yanaşmırdılar. Canlanmanın əsas səbəbi klubun peşəkar liqada oynamasıdır. Artıq uşaqların da hədəfləri var – əsas komandaya düşmək, yerini möhkəmlətmək. İndi valideynlər də görür ki, məşqçilər də işinə, uşaqlara can yandırır. Bu da onlara müsbət təsir edir. İmişli və Azərbaycan futboluna oyunçu lazımdır. Bölgələrdə kifayət qədər potensiallı uşaqlar var, sadəcə məsələ onları üzə çıxarmaqdır”.

Mütəxəssis inkişaf üçün görülməli işlərdən söz açdı:

“İnkişaf üçün düzgün struktur olmalıdır. Həmişə demişəm ki, uşaq 10 yaşından futbola başlayırsa, 10 min saat məşq etməlidir. Bu da hesabla onun 21-22 yaşına çatması deməkdir. İndi futbolda elədir ki, 21-22 yaşlı uşaqlar gənc, perspektivli hesab edilmir. Buna görə uşaq 5 yaşından başlayıb, bu qədər məşq etsə, 17-18 yaşında daha dolğun, bacarıqlı və potensiallı olar. Bizdə də 17-18 yaşına çatanı hərbi xidmətə aparırlar. Burda itirilən 2 ilin sonra uşaq ağrısını çəkir. Buna görə elə sistem qurulmalıdır ki, bu uşaqlar itməsin. 1-2 hərbi komandalar yaradılsa, uşaqlar itməz. Düzdür, vətən borcumuzdur, ancaq inkişaf da istənilirsə, müəyyən işlər görülməlidir. Ümumiyyətlə, uşaq futbolunda problemlər qaçılmazdır. İş varsa, problem olacaq. Məsələ bunun öhdəsindən necə gəlinməsidir”.

Azərbaycan yığmasının veteran futbolçusu akademiyaların azlığının inkişafa mane olduğunu bildirdi:

“Fikrimcə, hər bölgədə akademiyalar olmalıdır. Akademiyalar olmazsa, işlər daha uzanacaq. Qəbələdə, Tovuzda akademiyalar var. Amma mərkəzi aran zonasında yoxdur. Bir neçə region üçün bir akademiya olsa, bu rayonlardan da uşaqlar çıxacaq. İndi biz uşaqları özümüzdən asılı olmayan səbəblərdən itiririk. Uşaqları üzə çıxarmaq borcumuzdur, lakin öhdəsindən gələ bilmədiyimiz problemlər də olur”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.