Uşaq futbolunda canlanma – inkişafı şərtləndirən amillər

Futbolun inkişafını şərtləndirən məsələlərdən biri, bəlkə də birinci uşaq futboludur. İllərdir Azərbaycan futbolunun yaralı yeri olan uşaq futbolunda son dönəmlərdə canlanma hiss edilir. Xüsusilə, “Qarabağ”, “Sabah” akademiyasının nəticələri ürəkaçandır. Eyni zamanda komandalarını beynəlxalq turnirlərə yollayan klubların uşaq futbolunun inkişafı üçün atdığı addımlar təqdirə layiqdir.

Təsadüfi deyil ki, son bir ayda “Qarabağ” və “Sabah” akademiyası çempionluq sevinci yaşayıb. “atlılar”ın U-16 komandası bu gün Estoniyada keçirilən “Tallin Cup”da qızıl medalların sahibi olub. Bir neçə həftə əvvəl isə “Sabah”ın U-12 komandası Türkiyədə təşkil olunan “Rize Cup”də çempionluq yaşayıb. Aşağı yaş qruplarında əldə edilən uğurlu nəticələr akademiyalara diqqətin daha artdığının göstəricisidir. Daha əvvəl isə “Qarabağ”ın U-14 komandası Belarusda beynəlxalq turnirin ən yaxşısı olub.

Adıçəkilən komandalardan əlavə, “Neftçi”nin də akademiyasında inkişaf var. Xüsusilə, böyüklərin kateqoriyasında – U-19-da son illərdə yaxşı nəticələrlə yadda qalan “Neftçi”nin əvəzedici komandası da ötən mövsümün çempionu olub. Əsas komandasında vəziyyət ürəkaçan olmayan “Neftçi”də aşağı yaş qruplarında inkişaf naminə işlər görülməkdədir.

Uzun illər akademiyası ilə öyünən, Azərbaycan futboluna kifayət qədər perspektivli uşaqlar bəxş edən “Qəbələ” akademiyasında da işlər davam edir. Düzdür, son dönəmlərdə büdcənin azalması səbəbindən inkişaf sürəti aşağıdır, buna baxmayaraq, potensiallı gənclər üzə çıxmaqdadır. Məhz ötən mövsümdə komandanın aşağı yaş qruplarından çıxan Şahin Şahniyarov, Eşqin Əhmədov, İbrahim Ramazanov kimi oyunçular əsas komandada şans qazanıb, özlərini yaxşı tərəfdən göstərməyi bacarıb. Məhz bunun sayəsində indi hər oyunçunun adı Premyer Liqadan bir neçə klubla yanaşı hallanır. Xüsusilə, İbrahimin “Qarabağ”a keçidi gündəmdədir.

Tarixi köklü olmayan “Zirə”nin əsas komandası uğurlu çıxış edir. Ötən mövsümün gümüş medalçısı olan “qartallar”da aşağı yaş qruplarında hələ demək olar, ciddi uğur əldə edilməyib. Buna baxmayaraq, akademiyaya rəhbərlik edən Zaur Həşimovun son illərdə akademiyada müsbət dinamikaya nail olub.

“Sumqayıt”, “Səbail”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Turan Tovuz”da akademiyanın inkişafı adına inkişaf görülməkdədir. Adıçəkilən klublar digərlərinə nisbətən akademiya uğurları baxımından geri qalır. Büdcə, şərait istənilən səviyyədə olacağı halda, akademiyalarda da inkişaf qaçılmaz olacaq. Ölkə futbolunda son dönəmlərdə müşahidə edilən canlanmanın uşaq futboluna da təsirləri böyükdür. Azərbaycan klublarının aşağı yaş qruplarının beynəlxalq arenadakı çempionluqları da buna işarədir. Bütün klublar bu sahəni xüsusi diqqətdə saxlayıb, inkişafı naminə işləri sürətləndirməlidir.

İllərdir yazılır/deyilir – uşaq futbolunda beynəlxalq turnirlərin sayı artmalı, keyfiyyət, potensialı olanlar üzə çıxarılmalıdır. Seleksiya işləri tək Bakı və ətrafı deyil, bölgələrdə də aparılmalıdır. Klublar bütünlüklə işə maksimum diqqət ayırıb, uşaqların şəraitini, təminatının yaxşılaşdıracağı halda, inkişaf da gələcək. Son dönəmlərdə beynəlxalq turnirə yollanan klublar bunun faydalarını görür. İstər məşqçilər, istərsə də uşaqlar xarici təcrübəni qazanır, müəyyən təzyiqlərə indidən öyrəşməyə başlayırlar. Bu, onların gələcəkdə daha inamlı olmalarına fayda verəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.