Uşaq futboluna böyük yanaşma: fiziki yükləmələr vermək olarmı? – ARAŞDIRMA

FutbolPressPeşəkar futbola aparan yol, ilk növbədə, topla oynamağa olan maraq və həvəsdən başlayır. Uşaqların futbolçu kimi yetişməsi üçün bu iki amilin stimullaşdırılması vacibdir. Burada işin bir qismi uşaq futbolu məşqçilərinin üzərinə düşürsə, ümumən, ailə, mühit kimi amillərin təsiri böyükdür.
 
O da aydındır ki, idman fiziki prosesdir və yalnız topla hərəkətlərlə peşəkar futbolçu olmaq mümkün deyil. Burada fiziki yükləmələr, dözümlülük məşqləri də eyni dərəcədə əhəmiyyətlidir. Məsələnin bu tərəfi isə tamamilə məşqçilərin üzərinə düşür. Müasir dövr texnologiyası futbolçuların fiziki durumunun, əzələlərinin yüklənmə dərəcəsinin müəyyənləşdirilməsi üçün əlverişli alətlər, müxtəlif cihzalar təklif edir. Uşaq futbolunda isə bundan o qədər də geniş istifadə olunmur. Xüsusilə, Azərbaycanda…
 
Ümumən, uşaq fiziologiyası fiziki yükləmələr üçün əlverişlidirmi? Uşaq və yeniyetmələrə yükləmələr necə, hansı aralıqlarla, hansı miqdarda verilməlidir? Yükləmələr inkişafda olan orqanizmdə fəsadlara səbəb ola bilərmi? Araşdırılması və cavab tapılması əhəmiyyətli suallardır.
 
Nəzəriyyə nə deyir?
 
Məsələnin nəzəri tərəfləri barədə gənclər üzrə milli komandalarında İdman Elmi üzrə mütəxəssis kimi çalışan, müxtəlif beynəlxalq elmi cəmiyyətlərin üzvü Turcay Əhmədovla söhbətləşdik…
 
“Bütün yaş qruplarına xüsusi diqqət edilməlidir”
 
 
– Fiziki yükləməni bir anlayış kimi ümumi mənada necə təsvir etmək olar? Hansı növləri var?
– Yükləmə anlayışını təsvir edəsi olsaq, onda bu termini elə onun tərifi ilə açıqlaqmaq olar. Yük (“Load”) – fiziki təmrinlər zamanı, müəyyən bir zaman kəsiyində bədənin bu prosesə fizioloji reaksiyası (geridönüşü). İdman fiziologiyasında əsasən xarici (“external”) və daxili (“internal”) yükləmə növləri mövcuddur. Xarici yüklənmə əsasən bir fərdin mexaniki işi zamanı müəyyən edilir. Misal üçün; qət etdiyi ümumi məsafə, yüksək sürətli qaçış məsafələri, sprintlər, təcil, əks-təcil  və s. Daxili yüklənmə isə sırf ürək-damar sisteminin dövriyyəsi ilə bağlıdır. Bundan əlavə idman elmində müəyyən bir yüklənmə idarəetməsi mexanizmi yaradılan zaman xroniki (4-6 həftəlik) və kəskin (1 həftəlik) yüklənmələr nisbəti təsis edilir. Bu, istər böyüklər, istərsə də uşaqlar üçün eynidir.

– Uşaqlara yükləmə verərkən hansı amillərin nəzərə alınması vacibdir?
– İlk növbədə uşaqların hansı dövrdə olmasına diqqət edilməlidir. İdmanda uşaq fiziologiyası bunu 3 dövrə bölür; cinsi yetişkənliyə qədər (“pre-pubertal period”), cinsi yetişkənliyin başlanğıc-orta müddəti (“early and mid pubertal period”) və cinsi yetişkənliyin sonu (“end of pubertal period”). Qeyd edilən dövlər üçün uşaqların fizioloji adaptasiyası gələcək karyerasının böyük ölçüdə müəyyənləşməsini təmin edir.

-Yükləmənin qədəri elmi olaraq necə müəyyənləşdirilir? Konkret metodları varmı?
– Belə deyək, məsafəninin ölçü vahidi metr, kütlənin isə kiloqram sayılırsa, yükün belə bir ölçü vahidi yoxdur. Spesifik olaraq futbolda yüklənmələr həcm və intensivliklə idarə olunur. Əsasən 3 metod var; davamedici (“continuous”), interval (“interval”) və kəskin dəyişkənlik (“intermittent”). Bəli, hazırda müxtəlif ölçü cihazları mövcuddur ki, bu işi daha da asan edir.

– Yükləmə verərkən yəqin ki, yaş faktoru xüsusi nəzərə alınır. Hansı yaş uşaqlarla xüsusi diqqətli olmaq lazımdır ki, gələcəkdə fəsadlar yaranmasın?
– Bütün yaş qruplarına xüsusi diqqət edilməlidir. Hər bir yaşın öz əhəmiyyəti var. Əgər biz təməl yaşlarında fiziki hazırlıq üçün düzgün məşq dizaynları tərtib edib tətbiq etməsək, keçid fazasında ciddi nöqsanlar olacaq.
 
“Yüklərin düzgün idarə edilməməsi futbolçu karyerasını qısa edə bilər”
 
– Fərdi yanaşma nə dərəcədə önəmlidir? Aydındır ki, futbolda məşqlər adətən qrup şəklində keçirilir. Hər orqanizm isə eyni deyil…
– Əgər uşaq futbolundan danışırıqsa performans dövrünə qədər hər hansısa fərdi yanaşmaya ehtiyac yoxdur. Əlbəttə, biz bura patologiyası olmayan – idmana qoşulmaq üçün tam sağlam sayılan fərdləri aid edirik.

– Bir çox zədə və xəstəliklər barədə araşdıranda məlum olur ki, əksəriyyəti məhz yüklənmələr səbəbindən yaranır. Çox yüklənmənin ümumən hansı fəsadları ola bilər?
– Gəlin, ilk növbədə sual verək ki, çox yüklənmə deyəndə nəyi nəzərdə tuturuq?! Misal üçün bir uşaq futbola 7 yaşından başlayıb və 12-13 yaşına qədər yalnız toplu çalışmalar ilə tədris prosesi keçib. Bir başqa 7 yaşlı uşaq isə 12-13 yaşına qədər toplu çalışmalar tədrisindən əlavə müqavimətli güc məşqləri və pliometriya təmrinlərini də keçib. Hər 2 uşaq performans qrupuna keçidi zamanı onlara verilən yükü fərqli qəbul edəcək. 1-ci uşaq üçün həddən artıq, 2-ci uşaq üçün isə normal yük olacaq. Qısası, fundamental yanaşma tətbiq edilməlidir. Yüklərin düzgün idarə edilməməsi futbolçu karyerasını qısa edə bilər. Bununla bağlı, bütün yaş qruplarında güc məşqlərinin tətbiqi sahəsində məhşur professor Averi D.Faigenbaum müxtəlif elmi araşdırmalar aparmış və bunun əsasında bir çox ədəbiyyatlar təsis etmişdir.

– Azərbaycanda mövcud duruma gəlsək, sizcə, yerli uşaq futbolu məşqçiləri buna nə dərəcədə əhəmiyyət verirlər?
– Mövcud durum bəllidir. Əgər biz uşaqlar ilə işləməyi özümüzə hədəf seçmişiksə, ən azından idman zamanı uşaqların fiziologiyasını başa düşməliyik. Bunu bacara bilməsək, çox çətin olacaq.
 
“Məşqçilərin uşaq fiziologiyası barədə ilkin məlumatlara yiyələnməsi lazımdır”
 
– Uşaq futbolunda məşqlər və oyunlar adətən süni örtüklü meydançalarda keçilir. Fiziki yükləmə verilərkən meydança amili nəzərə alınmalıdırmı?
– Bir çox Skandinaviya ölkələrində, Rusiya Federasiyasında uşaqlar suni örtüklü meydançalarda məşq edir və oynayırlar. Əgər gələcəkdə maraqlı olarsa təbii və suni meydançalarda məşq edənlərin zədə əmsalını və bu istiqamətdə aparılan elmi araşdırmaları təqdim edə bilərik. Bu məsələ özü ayrıca bir mövzudur.

– Ümumən, süni örtüklü meydançalarda məşq edən uşaqların sonradan daha çox zədəyə meyilli olduğu bildirilir. Sünidə məşqə məcburuqsa, necə etmək olar ki, risklər minimuma endirilsin?
– Bildirilir, amma dəqiq rəqəmlər deyən yoxdur… Sadəcə olaraq hər hansı məşqi tərtib edərkən, həmin məşqin fizioloji əsaslarını bilmək gərəkdir. Bu kifayət edər ki, zədələrimizi minimuma endirək. Burada toxunuş (“touch”) və toxunuşsuz (“non-touch”) zədələr anlayışı var. Biz uşaqlarımızı böyük ölçüdə “non-touch” zədələrdən qoruya bilərik. “Touch” isə futbolun bir hissəsidir, buna heç kəs zəmanət verə bilməz.

– Uşaq futbolu məşqçilərini bu mövzularda maarifləndirmək üçün hansı addımlar atılmalıdır?
– Ən azından İdman Elminə daxil olan Təmrinlər Fiziologiyası, ələlxüsus uşaq fiziologiyası barədə ilkin məlumatlara yiyələnmək lazımdır. Bütün tərtib edilən məşqlərin fizioloji istiqamətləri nəzərə alınmalıdır.

– Çalışdığınız “Tufan”da iş necə qurulub? Məşqlərin elmi əsaslı aparılması istəyən kimi alınır?
– Hazırda klubun hər hansısa yaş qrupu mövcud deyil. Ötən illər ərzində U-17 və U-19 liqalarında çıxış etmişik. Müəyyən məsləhətləşmələrdən sonra qənaətə gəldik ki, Avropa səviyyəsində peşəkar futbolçu-atlet istehsal etmək istəyiriksə, mütləq aşağı qruplarından başlamalıyıq. Bu istiqamətdə işlər aparırıq. Həmçinin klub nəzdində “TufanLab” layihəsi üzərində işlər aparırıq. Maksimum çalışırıq ki, İdman Elmi üzərindən peşəkar futbolçu-atletlərin hazırlanması və “TufanLab” layihələrimizə dəstəkçilər cəlb edək.
Bundan əlavə, Avropanın müxtəlif idman elmi cəmiyyətlərində üzvlüyümüz və müxtəlif mövzular ətrafında seminarlarda, konqreslərdə və işçi görüşmələrində fəaliyyətimiz davam edir. İnanırıq ki, tez bir zamanda yaşıl meydanlara dönərik. Klub olaraq əminik ki, yalnız İdman Elminə yiyələndikdən sonra arzuolunan futbolçular istehsal edə bilərik.
 
Praktik vəziyyət necədir?
 
Turcay bəy məsələnin nəzəri tərəflərini geniş ictimaiyyət üçün böyük ölçüdə aydınlaşdırdı. Bəs praktikada mövcud durum necədir?

“Bu həm uşaq, həm də valideyni üçün böyük fəlakətdir”
 
Uzun illər uşaq futbolunu araşdırmış, iki oğlu futbolla məşğul olan, bu sahə üzrə silsilə yazılar müəllifi, “525-ci qəzet”in şöbə müdiri İlqar Tağıyevin fikrincə, müəyyən yaş həddinə qədər fiziki yükləmələrdən qaçmaq lazımdır:
 
“Uşaq futbolu çox geniş sahədir, saatlarla bu barədə danışmaq, müzakirə aparmaq olar. Futbol mütəxəssisi deyiləm. Ancaq vaxtilə bu idman növü ilə peşəkar məşğul olmuşam, uşaqlarım 10 ilə yaxın futbola gediblər. Bu 10 ildə apardığım müşahidələr, oxuduğum ədəbiyyat, izlədiyim video-çarxlar, mütəxəssislərlə olan söhbətlər əsasında müəyyən nəticələrə gəlmişəm ki, uşaq futbolunda ən çox rast gəlinən yanlışlıqlardan biri uşaqların fiziki yüklənməsidir. Bu təkcə mənim deyil, uşaq futboluna yaxından bələd olan bir çox mütəxəssislərin də fikridir – müəyyən yaş həddinə, məsələn, 12-14 yaşa qədər təməl prinsipləri üstünlük təşkil etməlidir. Uşaqlara topla düzgün rəftar, onun doğru qəbulu, düzgün ötürmələr, driblinqlər, qapıya zərbələr, meydanı görmək bacarığı aşılanmalı, texniki hərəkətlərin üstünlük təşkil etdiyi məşğələlər keçilməlidir ki, yaxşı futbolçu kimi yetişsin. Məşqçilər bunu etməsələr, bünovrə zəif qoyulmuş olacaq və uşaqdan bacarıqlı, peşəkar futbolçu çıxmayacaq.
 
Praktikamda zaman-zaman uşaqlara fiziki yükləmələr verməkdən çəkinməyən məşqçilərlə rastlaşmışam. Bu, həm uşaq, həm də valideyni üçün böyük fəlakətdir. Çünki gələcəkdə müxtəlif zədələrin, xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da ümumən fərdin gələcəyi üçün böyük təhlükədir”.


 

“Dözümlülük məşqi vermək olar”
 
Həmsöhbətimiz bəzən fiziki yükləmə və dözümlülük məşqlərinin səhv salındığını deyir:
 
“Bəzi məşqçilər fiziki yükləmə ilə dözümlülük məşqini səhv salırlar. Dözümlülük məşqi vermək olar. Yaşından asılı olaraq, hansı formada – bunu artıq savadlı məşqçi bilir. Amma 12-14 yaşa qədər fiziki yükləmə vermək doğru deyil. Məsələn, uzun müddət kross qaçış və ya öz çəkisində digər uşağı belində daşımaq kimi hallar yolverilməzdir. Uşaqların orqanizmi daim inkişafda olur. Bu yükləmələr fəsadlara yol aça bilər. Dözümlülük məşqi vermək isə doğrudur. Çünki uşağın orqanizmi tez bərpa olunur. Topla intensiv məşqlər uşaqların dözümlülüyünü artırır, zədə almanın da qarşısını alır”.
 
“Məşq elə qurulmalıdır ki, heç bir uşaq bundan ziyan görməsin”
 
Tağıyev məşqçilərin futbolla yanaşı digər bir sıra sahələrə də bələd olmasını vacib hesab edir. Fərdi yanaşmanın əhəmiyyətini vurğulayan İlqar bəyin fikrincə, uşaq futbolu məşqçiləri praktika üçün xarici ölkələrə göndərilməli və qayıtdıqdan sonra qazandıqları təcrübəni tətbiq etməlidirlər:
 
“Uşaq futbolunda çalışan məşqçilər mütləq bir neçə sahəyə yaxşı bələd olmalıdırlar. Bunlardan biri insan anatomiyasıdır. Çünki uşaq orqanizmi daim inkişafdadır. Digəri, psixologiyadır. Məşqçi həm də psixoloq olmalıdır. Əlbəttə, savadlı mütəxəssis olmaq da öz yerində. Məşqçi hər bir uşağa fərdi yanaşmağı bacarmalıdır. Məşq elə qurulmalıdır ki, heç bir uşaq bundan ziyan görməsin. Elə uşaq ola bilər ki, adi soyuqdəymədən yeni sağalıb məşqə gəlib. Yaxud hansısa ac ola bilər. Bunlardan məşqçinin xəbəri olmalıdır. Əgər orqanizmi zəifləmiş uşağa yükləmə verirsənsə, ona fayda verməmək bir yana, immunitetini aşağı sala bilərsən. Bu məqamlara mütləq fikir verilməlidir.
 
İndi savadlı, bacarıqlı məşqçilər əksəriyyət təşkil edir. 10 il əvvəllə müqayisədə vəziyyət daha yaxşıdır. Əvvəllər məşqçilikdən anlayışı olmayanları uşaq futbolunda görürdüm. Kənardan izlədiyim oyunlarda uşaqlara elə tapşırıqlar, məsləhətlər verirdilər ki, özlərini gülünc vəziyyətə salır, nə qədər bisavad olduqlarını göstərirdilər. Bunlar savadlı məşqçi üçün ayıb olardı. Artıq kateqoriya kursları təşkil olunur, müəyyən tələblər qoyulur. Uşaq futbolunda durğunluq yaşansa da, məşqçilərlə bağlı irəliləyiş var. Yaxşı olardı ki, məşqçilər təkcə kateqoriya almaqla kifayətlənməsinlər, praktika qazanmaları üçün klublar tərəfindən xarici ölkələrə də göndərərilsinlər”.


 
“Fiziki yükləmələr bir neçə xəstəliyin yaranmasına birbaşa təsir edir”

Müsahibimiz fiziki yükləmələrin uşaqlarda birbaşa səbəb olduğu xəstəliklər barədə danışdı:
 
“Sovet dövründə mən futbola gedəndə məşqçilər bizi kross qaçırır, pilləkənlə yuxarı dırmaşmağı tapşırırdılar. Yaxud, estafet verir və hər bir uşaqdan öz çəkisində digərini müəyyən nöqtəyə çatdırmağı tələb edirdilər. İndi bilirəm ki, bunlar səhv addımlar olub. Belə fiziki yükləmələr bir neçə xəstəliyin yaranmasına birbaşa təsir edir. Bir neçə il əvvəl araşdırma aparmış, mütəxəssislərlə məsləhətləşərək “Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər” mövzusunda silsilə yazılar hazırlamışdım. Hələ o vaxt özüm üçün müəyyən etmişdim ki, əksər zədələrin və xəstəliklərin yaranmasının səbəblərindən biri, bəlkə də birincisi fiziki yükləmələrdir. Fiziki yükləmələr zamanı, o cümlədən, süni ot örtüyü uşaqlarda hansı xəstəliklərə səbəb ola bilər? Bir neçəsini misal gətirim:
 
Osqud-Şlyatter – uşağın dizində yaranan problemdir. Bunun əsas səbəbi boy artımıdır. Ancaq fiziki yükləmələr olduqda özünü daha tez büruzə verir. Bu xəstəliyə görə uşaq futbolu atmır, amma müəyyən müddət idmandan kənar qalır.
 
Şeyerman-Mau – uşağın onurğa sütununda əyrilikdir. Düzgün müalicə aparılmazsa, fərdin fiziki quruluşu tədricən “C” hərfinə bənzər vəziyyət alır. Bunun əsas səbəblərindən biri uşağın idmanda fiziki yükləmələrə məruz qalmasıdır.
 
Hauqlund-Şints – bunu dabanın Osqud-Şlyatteri kimi də qələmə vermək olar. Yaranmasının müxtəlif səbəbləri var ki, onlardan biri də fiziki yükləmələrdir.
 
Daban mahmızı – Daban mahmızı ifrat yükləmə zamanı hətta uşağın futbolu buraxmasına səbəb ola biləcək xəstəlikdir. Bəllidir ki, yükləmələr zamanı güc əsasən ayaqlara və pəncələrə düşür. Müalicəsi çətindir və uzun vaxt aparır.
 
Köniq – fiziki yükləmələr səbəbindən yaranan başqa bir xəstəlikdir.
 
Bunlardan başqa, Simfizit var. Çox ağır xəstəlikdir. Oğlum da vaxtilə bundan əziyyət çəkdi. Simfizit Əlinin futbolu atmasına pis mənada təkan verdi. Simfizitin yaranma səbəblərindən biri məşqlərin düzgün aparılmaması, digəri fiziki yükləmələrdir”.
 
“Uşaqlara fiziki yükləmələr yolverilməzdir”
 
İlqar bəy ümumən uşaqlara fiziki yükləmə verilməsinin yolverilməz olduğunu söyləyir:
 
“Fiziki yükləmələr hansısa uşağa təsir etməyə bilər, ancaq bu, o demək deyil ki, fiziki məşqləri keçmək olar. Uşaqlara fiziki yükləmələr yolverilməzdir. Müasir məşqçilik yanaşması müəyyən dərəcədə yüklənməni məqbul sayır. Mübahisə edə bilmərəm. Futbol da, tibb də, orqanizm də dəyişir. 50 il öncəki uşaqlarla indikilərin orqanizmi eyni deyil. Əsaslandırırlarsa, deməli, nəsə bilirlər. Amma fiziki yükləmə olacaqsa, bu, mütəxəssislərin nəzarəti altında və hər bir məqam nəzərə alınaraq aparılmalıdır”.
 
YEKUN
 
Göründüyü kimi, fikirlərin haçalandığı, geniş və diqqətli yanaşmanın vacib olduğu mövzudur. Uşaqların həm keyfiyyətli futbolçu kimi yetişməsi, həm də ümumən sonrakı həyatlarında problemlərin ortaya çıxmaması, xəstəliklərlə üzləşməmələri üçün fiziki yükləmələr verilərkən bir çox amillər nəzərə alınmalıdır. Həm fərdi yanaşma önəmlidir, həm də uşaq məşqçilərinin fiziologiya, anatomiyanın əsasları kimi sahələrə bələd olması vacibdir.
 
Faiq Tahirov, Futbolpress.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu